Elm və təhsilə xidmətdə keçən ömür

post-img

Məhəmməd Əliyev – 70

Azərbaycan Dövlət İqtisad Uni­versiteti biznes və logistika kafed­rasının müdiri, Əməkdar müəllim Məhəmməd Ələkbər oğlu Əliyevin anadan olmasının 70 illiyini ölkə­nin elm-təhsil ictimaiyyəti tarınmış iqtisadçı alimin şərəfli və məhsul­dar ömür yolunun zirvəsi kimi sev­gi-sayğı və qədirbilənliklə qeyd edir.

Ömrünün 21 ilini ölkə iqtisadiyyatının müxtəlif sahələrində praktik fəaliyyətə, 20 ilini isə Azərbaycan ali təhsilinin və iqtisad elminin inkişafına həsr etmiş Məhəmməd Əliyev hər bir soydaşımıza örnək olası şərəfli bir ömür yaşayıb. Pedaqoq adına ucalıq və şərəf gətirmiş mərhum Ələkbər müəllimin və Bağdagül xanımın ailəsində boya-başa çatması, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi mühitində tərbiyələnməsi erkən yaşlarından Məhəm­mədin qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır. 

Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kənd məktəbindən başla­nan həyat yolu Bakı şəhərində 1976–1980-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İns­titutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) ali təhsil, həmin elm və təhsil ocağında 2005-ci ildə namizədlik disserta­siyası müdafiə etməklə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2008-ci ildə isə dosent elmi adı alması ilə davam etmişdir. 1980–2001-ci illərdə ölkənin neft emalı və neft kimyası müəssisələrində iqtisadçı, baş iqtisadçı, sex rəisi, baş mühəndis, direktor müavini, Həmkarlar İttifaqları Komitəsinin sədri və direktor kimi məsul vəzifələrdə çalışarkən özünü yüksək dərəcədə səriştəli mütəxəssis və bacarıqlı təşkilatçı olaraq ta­nıdan Məhəmməd Əliyev respublikanın el­mi-ictimai dairələrində, haqlı olaraq, böyük hörmət və nüfuz qazanmışdır.

Artıq 20 ildən çoxdur ki, iqtisadçı alim həyatını ölkəmizdə elm və təhsilin inkişa­fına həsr etməklə özünü cəmiyyətə vətəni­ni ürəkdən sevən görkəmli iqtisadçı alim, zəngin dünyagörüşünə malik bacarıqlı müəllim, səmimi və qayğıkeş insan, layiq­li ziyalı obrazı ilə tanıtmışdır. Onun ömür yolu zəhmətkeşlik, əzmkarlıq və peşəkar fəaliyyətində nümayiş etdirdiyi prinsipial mövqe ilə seçilmişdir. Alimin təhsil sahə­sində zəngin təcrübəsi ona Azərbaycan Dövlət İqtisad Universitetində rəhbərlik etdiyi biznes və logistika kafedrasında yüksək ixtisaslı mütəxəssislərin yetişdiril­məsinə göstərdiyi xidmətdə və elmi uğur­lar qazanmaqda yardımçı olmuşdur.

Məhəmməd Əliyev Azərbaycan nefti­nin dünya bazarlarına çıxarılması ilə bağlı strateji məsələlərə həsr olunmuş çoxsaylı tədqiqatların müəllifidir. Bu istiqamətdə qələmə aldığı 60-dan çox elmi məqalə, monoqrafiya, dərslik və dərs vəsaiti, ha­belə təşkilatçısı və ya iştirakçısı olduğu müxtəlif elmi-praktik konfranslarda və simpoziumlarda irəli sürdüyü qiymətli tək­liflər ölkəmizin iqtisadi siyasətinin elmi əsaslarla möhkəmləndirilməsində və milli iqtisadiyyatın dayanıqlı inkişafında xüsusi əhəmiyyət kəsb edir. Respublikanın tanın­mış iqtisadçı alimlərindən olan Məhəm­məd Əliyev elmi fəaliyyətini bütünlüklə ölkəmizin iqtisadi siyasətinin, inkişaf və tərəqqimizin ayrı-ayrı elementlərinin tə­dqiqinə həsr edən, bu mövzuda ardıcıl ola­raq müxtəlif səviyyəli elmi məclislərdə və nəşrlərdə çıxışlar edən istedadlı tədqiqatçı­larımızdandır. 

Məhəmməd Əliyevin elm və təhsil sahəsindəki xidmətləri nəinki ölkə daxilin­də, beynəlxalq qurumlar tərəfindən də yük­sək qiymətləndirilərək çoxsaylı mükafat­lara layiq görülmüşdür. 2015-ci ildə aldığı Azərbaycan Respublikası Təhsil Nazirli­yinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri fərmanları, 2016-cı ildə “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə layiq görüldüyü “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı, 2018-ci ildə Azərbaycan Res­publikası Təhsil Nazirliyinin müvafiq əmri ilə verilmiş “Qabaqcıl Təhsil İşçisi” döş nişanı onun xidmətlərinin dəyərini ifadə edir. Alimin məhsuldar və önəmli fəaliy­yəti ölkə rəhbərliyi tərəfindən də yüksək dəyərləndirilmiş, Azərbaycan Dövlət İqti­sad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar müəllim” fəxri adı verilmişdir.

Dövlətimizə və xalqımıza sadiq bir zi­yalı kimi ulu öndər Heydər Əliyevin siyasi kursuna daim bağlı olmuş Məhəmməd Əli­yev bu gün həmin siyasətin layiqli davam­çısı Prezident İlham Əliyevin həyata ke­çirdiyi məqsədyönlü siyasətə elmi dəstək qazandırmaqla iqtisadi yüksəlişə xidmət göstərir. Ölkəmizin ən güclü və ən nüfuzlu siyasi qüvvəsi olan Yeni Azərbaycan Parti­yasının üzvü kimi o, siyasi proseslərin ön cəbhəsindədir.

Alimin rəhbərlik etdiyi biznes və logis­tika kafedrası uzun müddətdir Azərbaycan Respublikasının Auditorlar Palatası ilə sıx əməkdaşlıq edir. Auditorlar Palatasının məqsəd və vəzifələrinin həllində mühüm töhfəsinə görə ona qurumun “Fəxri üzvü” statusu verilmişdir.

Azərbaycanın beynəlxalq nəqliy­yat-logistika mərkəzlərindən birinə çev­rildiyi çağdaş dövrdə Məhəmməd Əliyev bu tarixi uğurun mahiyyətini, ölkəmizə gətirdiyi misilsiz siyasi və iqtisadi divi­dendləri xalqımıza çatdırmaq üçün res­publika mediasında davamlı olaraq aktu­al mövzularla çıxışlar edir. Onun “Xalq qəzeti”nin logistika eksperti olaraq, bu nəşrdə dərc edilən analitik yazılarında, rəy və təkliflərində Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəaliyyəti, Zəngə­zur yolunun açılması ilə bağlı dünyanın maraqlı dövlətlərinin, strateji və logistik mərkəzlərinin yeritdikləri siyasət, sərgilə­dikləri mövqelər şərh olunur. Bu təhlillər­də ölkəmizin mənafeyi diqqətlə izlənilir, yanlışlıqlardan və maneələrdən yan keç­mək üçün mötəbər mütəxəssis mülahizələ­ri əksini tapır.

Məhəmməd müəllimin ölkənin nəq­liyyat şəbəkəsinin modernləşdirilməsi, Qarabağın dağıdılmış yol infrastrukturu­nun bərpası, daxili və qlobal daşımaların iqtisadi səmərəliliyinin təmin edilmə­si kimi mövzularda mətbuatda işıq üzü görən yazıları da onu dərin bilikli logistika mütəxəssisi, ölkənin təqqisinə zəkası və vətənpərvərliyi ilə xidmət edən ziyalı kimi sevdirir. Bu geniş maarifləndirmə-izahat fəaliyyəti Məhəmməd müəllimin nəzəri tədqiqatlarının praktik istiqamətlərinin ölkənin nəqliyyat şəbəkəsinə fayda gətir­məsinə, sahənin ümumu uğurlarına elmi və informasiya dəstəyi qazandırılmasına önəmli təsir göstərir.

Əminik ki, Məhəmməd Əliyevin zən­gin həyat və fəaliyyət yolu gənc nəslin maarifləndirilməsində, onların Vətənə və dövlətə sədaqət ruhunda yetişdirilməsin­də mühüm nümunə olacaq. Onun bu gün də ictimaiyyət tərəfindən böyük ehtiram­la qarşılanan bilik və təcrübəsi, nüfuzlu mövqeyi müstəqil dövlət quruculuğuna, milli dəyərlərimizin qorunmasına və iq­tisadi mühitin inkişafına xidmət etməyə yönəlib.

Ömür yolunun 70-ci pilləsini arxada qoyduğu bu günlərdə Məhəmməd Əliyevi – Azərbaycan Dövlət İqtisad Universiteti­nin çoxsaylı kollektivi adından əlamətdar yubileyi münasibətilə səmimi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoş­bəxtlik, elmi-pedoqoji və təşkilati işlərin­də yeni uğurlar arzu edirik.

Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik

Vahid NOVRUZOV,
Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor

Mədəniyyət