“Səni gözlüyür” ifasını gözləyir

post-img

Üzeyir bəy Hacıbəyli – 140

Hər cəhətdən kamil bir şəxsiyyət olan cahanşümul bəstəkar, musiqişünas-alim, dirijor, publisist, dramaturq, pedaqoq, tərcüməçi, tarixçi-filosof, akademik, ictimai xadim Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılıq yolu, irsi ilə bağlı hər bir fakt, qələmindən çıxan hər bir əsər xalqımız tərəfindən maraqla qarşılanır. Bu baxımdan dahi sənətkarın təxəyyülünün məhsulu olan “Səni gözləyir” mahnısı da xüsusi yer tutur və onun aşkar edilməsi diqqətəşayandır. 

Məsələ bundadır ki, Ü. Hacıbəylinin “Səni gözləyir” mahnısı uzun illər dahi bəstəkarın ev-muzeyində başqa bir başlıq altında – “Aşıqsayağı” adı ilə muzeyin saxlancında (fondunda) qorunmuşdur. Yanlış adla mühafizə olunan bu mahnı 2000-ci ildə aşkar edilmişdir. 

Mən o zamanlar Üzeyir bəy Hacıbəylinin ev-muzeyində çalışırdım. Bu müqəddəs ocağa rəhbərlik edirdim. Həmin il Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Arzuxanım Əlizadəni muzeydə işləməyə dəvət etmişdim. O da musiqiçi olduğu üçün birinci növbədə Üzeyir bəy Hacıbəylinin musiqi əsərlərinin əlyazmalarını araşdırmaq, öyrənmək və onların siyahısını muzeyin əsas fondundan elmi köməkçi fonda daxil etmək məqsədilə fəaliyyətə başladı. Bu zaman fondun əsas inventar kitabında çox böyük bir nöqsan aşkarlandı. Belə ki, Üzeyir bəyin səs və fortepiano üçün yazdığı “Səni gözlüyür” mahnısının yalnışlıqla “Aşıqsayağı” adı ilə əsas fond kitabına daxil olunduğu üzə çıxdı. A. Əlizadə məni bu barədə məlumatlandırdı. Qərara gəldik ki, müvafiq akt tərtib edərək, əsas fondun inventar kitabında düzəliş olunsun. Elə də etdik. 18 dekabr 2000-ci ildə muzeyin direktoru Səadət Mirzəzadə (Qarabağlı), elmi katib Sərdar Fərəcov, baş mühafiz Tamilla Xudaverdiyeva, elmi işçi Arzuxanım Əlizadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutunun elmi işçisi Arif Ramazanovun imzaları ilə akt tərtib olundu, möhürlə təsdiq edildi. Beləliklə də mahnı öz adı ilə –“Səni gözlüyür” kimi əsas fonda daxil oldu. 

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, mahnının əlyazması 18 noyabr 1974-cü ildə, Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin açılışına hazırlıq ərəfəsində Leyla Təhmasibdən 100 rubla alınmışdır. O zaman muzeyin baş mühafizi vəzifəsində çalışan yəhudi əsilli Vlada Vedeneyeva mahnının adını əsərin başlığı altında janr əvəzi yazılmış “Aşıqsayağı” (aşıq üslubunda) adı ilə əsas fondun inventar kitabına daxil etmiş və bununla da ciddi səhvə yol vermişdir. Yanlışlıq nəticəsində “Səni gözlüyür” mahnısı diqqətdən kənarda qalmışdır.

“Səni gözlüyür” mahnısını Üzeyir bəy qara karandaşla, mi minor tonallığında, vals tempində yazmışdır. Ədəbi mətni isə əski əlifba ilə notların altında verilmişdir. Əlyazmanın sonunda Üzeyir bəy Hacıbəyli öz xətti ilə 30/Xll – 1931, latın qrafikası ilə Ü. Hacıbəyli imzasını qoyaraq təsdiq etmişdir. Mahnını ilk dəfə görkəmli müğənni Bülbül Üzeyir bəyin əlyazmasının titul səhifəsindəki qeydlərinə görə, lya major tonallığında oxumuşdur. Üzeyir bəy Hacıbəyli bu mahnını şair Hüseyn Natiqin sözlərinə bəstələmişdir. 

Hüseyn Natiq (Hüseyn Mirabdulla oğlu Əliyev, 1912–1941) dahi bəstəkarımızın sevimli şairlərindən olub. Onun “Buruqlar” adlı ilk şeirlər kitabı 1931-ci ildə işıq üzü görüb. Üzeyir bəy şairin bir neçə şeirinə musiqi yazıb. “Qaragöz” (1930), “Səni gözlüyür” (1931), “Süvari mahnısı” (1933), Mirzə Fətəli Axundovun anadan olmasının 125 illik yubileyinə həsr olunan “Ölməz sənətkar” (1938) adlı xor əsəri bu sıradandır. Hüseyn Natiq 1939-cu ildə orduya çağırılmış,1941-ci ildə İkinci Dünya müharibəsində, cəbhədə həlak olmuşdur. 

Vətənpərvərlik ruhunda yazılmış “Səni gözlüyür” mahnısının sözlərini əski əlifbadan latın qrafikasına M. Füzuli adına Əlyazmalar İnstitutunun sabiq əməkdaşı Arif Ramazanov çevirmişdir. Mahnının sözləri belədir: 

Günəşin işığı göylərdə yanar (ey), 
Vətənin daş-dağı nura boyanar. 
Borular çalınar, hər kəs oyanar, 
Yürü, əsgər, zəfər səni gözlüyür. 

Günəşdən çöllərə sarpılmada nur, 
Ürəklər döyünür, sevincə dönür. 
Borular səninçün şərqilər oxur, 
Yürü, əsgər, zəfər səni gözlüyür. 

Səslənsin tüfəngin, topun gurlasın, 
Dağların bağrını atəşlər sarsın. 
Vətən qələbədən ilhamlar alsın, 
Yürü, əsgər, zəfər səni gözlüyür. 

Bu mahnı haqqında ilk dəfə “Səni gözlüyür” mahnısı necə aşkarlandı...” adlı məqalə 2010-cu ildə “Şuşa” qəzetində Arzuxanım Əlizadənin imzası ilə dərc olunmuşdur. Üstündən 15 il keçsə də, mahnının ifası reallaşmamışdır. 

Bildiyimiz kimi, bu il Prezident İlham Əliyev xüsusi sərəncamı ilə Türk dünyasının azman sənətkarı Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyinin dövlət səviyyəsində keçirilməsi qərara alınmışdır. Ümidvarıq ki, fürsətdən istifadə edilərək, hər zaman aktual olan Vətən, əsgər, zəfər kəlmələri ilə bəzənmiş “Səni gözlüyür” mahnısı müğənnilərimiz dahi bəstəkarın ev-muzeyinin saxlancından (fondundan) əldə edərək ifasını reallaşdıracaqlar. Və bu unudulmuş mahnının gənc nəslin vətənə, millətə, orduya məhəbbət ruhunun daha da güclənməsində əvəzsiz yeri olacaq. Ən ümdəsi isə çoxdan bəri ifaçısını gözləyən, böyük düha sahibimiz Üzeyir bəy Hacıbəylinin “Səni gözlüyür” mahnısı, nəhayət, yenidən müğənnilərimizin repertuarını bəzəyəcəkdir. 

Səadət QARABAĞLI, 
Üzeyirbəyşünas

 



Mədəniyyət