“Qələmi və cərrah bıçağı ilə millətinə xidmət edən Cavad Heyət”

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli cərrah, türkoloq, ictimai xadim və “Varlıq” jurnalının təsisçisi Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi seminar keçirilib.

Tədbirdə muzeyin Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva “Qələmi və cərrah bıçağı ilə millətinə xidmət edən Cavad Heyət” mövzusunda çıxış edib.

Nərmin Əliyeva Cavad Heyətin həyat və yaradıcılığından, cərrahiyyə sahəsindəki uğurlarından bəhs edərək bu gün bütün dünyada, eləcə də Arazın hər iki tayında yaşayan Azərbaycan türklərinin adını qürurla çəkə biləcəyi bir şəxsiyyət olduğunu qeyd edib.

Məruzəçi 1978–1979-cu illər İran inqilabının qələbəsindən və İran İslam Cümhuriyyətinin (İİC) elan edilməsindən dərhal sonra 1979-cu ilin aprelində Cavad Heyətin rəhbərliyi ilə professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Həsən Məcidzadə Savalan, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdariniya, Qulamhüseyn Beqdeli ilə birlikdə Tehranda nəşr edilən “Varlıq” jurnalından söz açıb. Jurnalın ikiyə bölünmüş xalqın hələlik mədəni və bədii təfəkkür baxımından qovuşmasında əvəzsiz rol oynadığını, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu dəyərləndirib. Həmçinin Cavad Heyətin on iki il  “Daneşe pezeşki” (“Tibbi bilik”) jurnalını da nəşr etdirdiyini bildirib.  

Sonda muzeyin əməkdaşları filologiya elmləri doktorları, professor Xatirə Bəşirli və professor Kamil Əliyev, muzeyin elmi işçisi Rəhilə Sadıqova məruzəçiyə mövzu ilə bağlı suallar verib, fikirlərini bölüşüblər.

Qabil YUSİFOĞLU
XQ

 



Mədəniyyət