Hərbi jurnalist Səxavət Məmmədin “Savaş və duman” romanı işıq üzü görüb. Kitabda 44 günlük Vətən müharibəsi dönəmində şahidi olduğu və yaşadığı hadisələr, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və savaş sırasında ortaya çıxan çətinliklərin peşəkarlıqla dəf edilməsindən, həmçinin şəxsi heyətin qəhrəmanlıqlarından bəhs olunur.
Müəllifin özünəməxsus şəkildə nəql etdiyi hadisələr zəncirinin əhəmiyyətli hissəsi bu günə qədər heç bir yerdə yayımlanmamış, onun özünün adları çəkilən birinci şəxslərdən öyrəndiyi və ictimaiyyətə açıqlanmayan gerçəklərdir.
Səxavət Məmmədin bu kitabı Vətən müharibəsi haqqında yazılmış ilk sənədli romandır. Kitaba hərbi ekspert Elxan Şıxəliyev rəy verib, redaktorları Araz Zeynalov və Aqil Bəkir, məsləhətçiləri Tərlan Eyvazov və Rövşən Məhərrəmovdur.
Müəllifin dedikləri:
– Bu kitab təkcə mənim gördüklərimdən, yaşadıqlarımdan ibarət deyil. Kitabın ərsəyə gəlməsi üçün korpus komandirləri, yüksək rütbəli zabitlər, Xüsusi Təyinatlıların zabitləri, müəyyən istiqamətlər üzrə tabor komandirləri, artilleriya rəisləri ilə dəfələrlə görüşmüşəm, sənədlər üzərində, xəritələr üzərində işləmişəm. Bir hadisəni azı bir neçə yerlə dəqiqləşdirmişəm. İlk Murov əməliyyatı, xüsusilə artileriya, “Spike” və “TOS”ların fəaliyyəti, həmlə taborunun qanlı döyüşləri, Füzuli-Cəbrayıl, Hadrut, Yazı düzü istiqaməti, Şuşakənd, Daşaltı, XTQ-nin bir taborunun Şuşa əməliyyatını detallı işləmişəm.
Müəllif bir əsgər, bir manqa, bir tağım, bir tabor haqqında deyil, ümumən müharibədən yazmağa, bir növ risk edib və öhdəsindən bacarıqla gəlib. İstisna olaraq Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin fəaliyyəti və şəhid olmasını da faktiki və bədii fərqləndirib.
XQ