Türk dünyasının mədəni həyatına yeniliklər gətirməyi hədəfləyən “Dədə Qorqud Aşıqlar Dərnəyi”nin açılış mərasimi keçirilib. Türkiyənin ünlü sənət ocaqlarından olan Ərzincan “Çıraqhanə Mədəniyyət Evi”ndə təşkil edilən mərasimdə şəhərin valilik və bələdiyyə rəhbərləri, yerli şair və sənətçilər, Ərzincan Binəli Yıldırım Universitetində çalışan azərbaycanlı, qazax, qırğız elm adamları və ziyalılar iştirak ediblər.
“Dədə Qorqud Aşıqlar Dərnəyi”nin qurucusu, Universitetin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı şöbəsinin müdiri professor Əli Kafkasyalı Türk dünyasının birliyinə töhfə olan dərnəyin məramından, hədəflərindən danışıb.
Qeyd edək ki, əslən Qazax rayonunun Şıxlı kəndindən olan və uzun illərdir ki, Türkiyədə yaşayan professor Ali Kafkasiyalı Türk dünyasının tarixi keçmişinə və aşıq sənətinə aid çox sayda əsərlər yazıb. O, klassik aşıq sənəti ənənələrinin davamçısı Mikayıl Azaflının yaradıcılıq yolu haqqında tədqiqat əsərinin də müəllifidir.
Ulu Dədə Qorqudun deyimləri ilə davam edən bədii hissədə Nurhani təxəllüsü ilə tanınan ərzincanlı Aşıq Nuri Kaya şeirlər oxuyub, türkülər səsləndirib. Kayanın çıxışını tamaşaçılar alqışlarla qarşılayıblar.
XQ