Beynəlxalq Azərbaycan jurnalı olan “İRS”in ərəb dilində nəşr olunan 15-ci sayı oxucuların ixtiyarına verilib.
Bu nömrədəki “COP29 konfransı – daha yaxşı kainat üçün birlikdə olaq” başlıqlı yazıda Bakıda keçirilmiş bu qlobal əhəmiyyətli iqlim tədbiri və onun nəticələrinə nəzər salınıb. Mərakeşli jurnalist Şueyb Brhaddanın “Azərbaycan – Qafqazın mirvarisi. Mələklər də onu sevir”, misirli tədqiqatçı Əhməd Adboh Tarabikin “Şuşa – Qafqazda mədəniyyətin beşiyi” adlı məqalələri də jurnalda yer alıb.
“ICESCO və Azərbaycan: mükəmməl tərəfdaşlıq nümunəsi” adlı məqalədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın istiqamətləri və birgə mədəni-elmi fəaliyyətdə ilhamverici örnəyə çevrilməsi qeyd olunub. “Azərbaycan – tolerantlıq və sülh içində birgəyaşayış ölkəsi” adlı yazıda ölkəmizin bu sahədə qlobal nümunəyə çevrildiyi barədə ətraflı şəkildə danışılır.
Göründüyü kimi, bu dəfə də “İRS” jurnalı Azərbaycanın böyük irsinə dair nadir materiallarla xarici oxucu auditoriyasının görüşünə gəlib.
XQ