Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilk dəfə olaraq Belarusun Mogilyov şəhərində keçirilən Beynəlxalq Gənclər Teatr Forumu “[email protected]”də iştirak edib.
AZƏRTAC xəbər verir ki, martın 20-27-də keçirilən forum çərçivəsində teatrın baş rejissoru, Azərbaycan Xalq artisti Aleksandr Şarovskinin “Kresloda oturan kişiyə sevgi ittihamı” tamaşası Belarus tamaşaçılarına nümayiş etdirilib. Doğma səhnəsində böyük uğurla nümayiş olunan bu tamaşa Azərbaycanın Xalq artisti Nataliya Şarovskayanın yubileyinə həsr edilib.
Tamaşanın nümayiş olunduğu Mogilyov Vilayət Dram Teatrının direktoru vəzifəsini icra edən Veronika Yurqelas səhnə əsərini yüksək qiymətləndirib.
A. Şarovski öz növbəsində forumun teatr sənətinin inkişafında, Azərbaycanla Belarus arasında mədəni körpülərin möhkəmlənməsində əhəmiyyətini vurğulayıb və tamaşaçıların xoş münasibətindən məmnun qaldığını bildirib.
Teatrın direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov da festivalın təşkilatçılarına minnətdarlığını ifadə edib.
Səfər çərçivəsində Rus Dram Teatrının kollektivi həmkarları ilə görüşlər keçirib. A.Şarovski teatrın fəxri qonaqlar kitabında qonaqpərvərliyə və xoş münasibətə görə minnətdarlıq sözlərini yazıb.
Belarusa səfər çərçivəsində teatrın kollektivi, həmçinin Mogilyov şəhərinin fəxri vətəndaşı, Sovet İttifaqı Qəhrəmanı, Lenin ordeni, dörd Qırmızı Bayraq ordeni, ikinci dərəcəli Kutuzov və Xmelnitski ordenləri ilə təltif edilmiş azərbaycanlı polkovnik Aslan Vəzirovun abidəsi önünə gülqoyma mərasimində iştirak edib.
A.Şarovski qəhrəman həmvətənimizin abidəsi önündə Konstantin Simonovun şeirindən bir parça səsləndirib.