Ana dili – mənəvi Vətənimiz

post-img

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunan “Dilimiz – qürurumuz” mövzusunda ədəbi-musiqili mərasim keçirilib. Məclisi giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov dilin milləti tarix içərisində yaşadan, inkişaf etdirən, onu sabahlara aparan ən əsas ünsiyyət vasitəsi olduğunu söyləyib. O, dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən və əhəmiyyətindən danışıb.

Əlamətdar günün muzeydə keçirilməsinin rəmzi məna daşıdığını deyən direktor bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan olunub. 1918-ci ilin ­sentyabr ayında Bakı azad edildikdən və Milli hökumət Gəncədən Bakıya köçdükdən sonra AXC Nazirlər Kabineti “Metropol” adlanan indiki Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yerləşib. Hökumət üzvləri burada həm yaşayıb, həm də fəaliyyət göstəriblər. 

Akademik 1918-ci il avqustun 28-də Azərbaycan dilində savadlı milli kadrların hazırlanması məqsədilə ölkədəki təhsil müəssisələrinin milliləşdirilməsi haqqında qərarın da Ədəbiyyat Muzeyində qəbul edildiyini xatırladıb. O, ­1918-1929-cu illərdə Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması və Azərbaycan əlifbasının islahatı üçün ilk addımların atılması kimi əsas nailiyyətləri diqqətə çatdırıb.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən Rafael Hüseynov Ümummilli liderin dil haqqında söylədiyi “Azərbaycan dili çox gözəl, həm də ləzzətli dildir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm. Dilimiz zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir”, – sözlərini xatırladıb. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi isə Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Rafael Hüseynov daha sonra “Azərbaycan dili – milli varlığımızın ifadəçisi” mövzusunda məruzəsini təqdim edib. Alim vurğulayıb ki, tarixi minilliklərin sınağından, hakim rejimlərin işğalından, yadelli təcavüzlərin təzyiqindən, yabançı dəblərin axınından, müxtəlif dillərin təsirindən qalib çıxan, bu günümüzə qədər saflığını, təmizliyini, zənginliyini qoruyaraq gələn Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm əhəmiyyət daşıyır. Ona görə də hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Dil abidələri içərisində dahi türk mütəfəkkiri Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı məşhur “Divanu lüğat-it-türk” əsərinin qiymətli və əhəmiyyətli toplu olduğunu söyləyən məruzəçi qeyd edib ki, bu əsərdə türk dilini öyrənməyin zəruriliyi hədislə əsaslandırılır. 

O, XV əsrdə Əlişir Nəvainin “Mühakəmət-ül lüğəteyn” adlı əsərində türk və fars dillərini qarşılaşdıraraq dilimizin farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir.

Məruzəçi diqqətə çatdırıb ki, bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. 

Alim çıxışının sonunda Azərbaycanda ana dilində yaranan dərsliklərin tarixindən, yazılma səviyyəsindən danışıb, bu sahədəki nöqsanların aradan qaldırılması yollarına da toxunub.

Sonra Xalq şairi Nəriman Həsənzadənin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Şairin “Qarabağnamə İlhamımdır” poemasından bir parça, “Ana” şeiri, “Nərdivan”, “Xoşbəxtlik” şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib.

Məclisə onlayn qoşulan Nəriman Həsənzadə Beynəlxalq Ana Dili Gününə həsr olunan toplantının böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, yaradıcılığına verilən dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Ədəbi-musiqili tədbir “5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsinin üzvlərinin iştirakı ilə davam edib.
Sonda akademik Rafael Hüseynov mərkəzin publik hüquqi şəxsin rəhbərliyinə və şagirdlərə akademik Nizami Cəfərovun “Azərbaycanşünaslıq mühazirələri” kitabını və Ədəbiyyat Muzeyinin sertifikatları təqdim edib.

Qabil YUSİFOĞLU
 XQ

Mədəniyyət