Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) və Daşkənddəki Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə institutun rektoru, professor Nodirbek Sayfullayev gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycan xalqına və mədəniyyətinə hörmətin sonsuz olduğunu və bu əməkdaşlığın iki xalqın min illərdir mövcud olan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Rektor qonaqları institutun tarixi, elmi və yaradıcılıq potensialı, bu gün həyata keçirilən tədris-yaradıcılıq prosesləri, elmi istiqamətdə dəyişikliklər, bütövlükdə institutun həyatı haqqında ətraflı məlumat verib.

AMM-nin direktoru Akif Marifli Azərbaycanda özbək mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu deyərək rəhbərlik etdiyi qurumun bugünkü fəaliyyətinin iki xalqın mədəni əməkdaşlığının daha da möhkəmləndirilməsinə və bir çox mədəni layihələrin birgə həyata keçirilməsinə yönəldiyini vurğulayıb. Direktor bildirib ki, son illər iki dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Özbəkistanın bütün istiqamətlərdə əməkdaşlığı yüksək səviyyədə davam edir, mədəni əməkdaşlıq isə minillik ənənələrə əsaslanaraq yeni səviyyəyə çıxır və bu sahədə çalışanlar üçün yeni imkanlar yaradır.

Sonda birgə konsert proqramlarının, dəyirmi masaların təşkili, tədbirlərdə əməkdaşların qarşılıqlı iştirakının təmin edilməsi, institut tələbələri tərəfindən müasir Azərbaycan dramaturgiyası nümunələrinin institutun səhnəsində nümayiş olunması, iki ölkənin tanınmış sənət adamlarının, xüsusən aktyorluq sahəsində tanınmış simaların qarşılıqlı ustad dərslərinin təşkili və digər məsələlər üzrə razılıq əldə olunub.

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd





Mədəniyyət