Bakı Kulinariya Assosiasiyasının komandası beynəlxalq müsabiqəsində 4 qızıl və 4 gümüş medal qazanıb

post-img

Yanvarın 27-dən 30-dək Pakistanın Lahor şəhərində dünyanın ən yaxşı aşpazlarını bir araya gətirən 7-ci Beynəlxalq Kulinariya Çempionatı (Pakistan International Culinary Championship) keçirilib.

Bakı Kulinariya Assosiasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda Azərbaycan, ABŞ, Şri-Lanka, Maldiv, Birləşmiş Ərəb Əmirlikləri, İran, Mərakeş, Türkiyə, Banqladeş və digər ölkələrdən kulinariya sənəti ustaları iştirak ediblər. Yarışda ən yüksək sinif hakiminin çıxışları qiymətləndirilib.

Bakı Kulinariya Assosiasiyasının komandası müsabiqədə bacarıq nümayiş etdirərək 4 qızıl və 4 gümüş medal qazanıb.

Komandadan Ayan Əliyeva balıq, makaron, ət yeməkləri bişirməklə bir gümüş, toyuq yeməkləri ilə 3 qızıl medala, Fərdi Mirzəyev balıq yeməkləri bişirməklə bir qızıl, ət, toyuq və makaron yeməkləri ilə 3 gümüş medala layiq görülüb.

Həmçinin aşpazlarımız Azərbaycan milli yeməklərini təqdim edərək, ölkə qastronomiyasının zənginliyini müasir tərzdə açıqlayıblar. Bu uğur Azərbaycan ustalarının kulinariya ənənələrinin və peşəkarlığının yüksək səviyyəsini təsdiq edib.

Çempionat 110 ölkədən 10 milyon aşpazı birləşdirən ən böyük kulinariya təşkilatı olan Ümumdünya Aşpazlar Assosiasiyasının (WACS, Worldchefs) təşkilatçılığı ilə, müsabiqə isə Pakistan Aşpazlar Assosiasiyası (CAP) və Turizm və Otel İdarəetmə Kolleci (COTHM) ilə birgə keçirilib.

Bakı Kulinariya Assosiasiyasının məqsədi milli mətbəximizi dünya səhnəsində təbliğ etmək, ölkədə qastronomik turizmin inkişafı və gənc aşpazları böyüməyə və təkmilləşdirməyə həvəsləndirməkdir.





















Mədəniyyət