XX əsr Azərbaycan poeziyasının mənzərəsini göz önünə gətirəndə Osman Sarıvəllini xatırlamamaq mümkün deyil. Xalqından, elindən, yurdundan, çayından, daşından ilham alan şairin yazdığı hər bir sətir Azərbaycan poeziyasının inkişafında misilsiz rol oynayıb. Yurdumuzun gözəllikləri, folklorumuzun müdriklikləri, klassik poeziyamızın incəlikləri şairin yaradıcılığının mənəvi qidasına çevrilib.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Osman Sarıvəllinin anadan olmasından 119 il ötür.
Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Sonra təhsilini artırmaq məqsədilə Moskva Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub. Moskvada təhsil aldığı müddətdə bir sıra ziyalılar, ədəbiyyat nümayəndələri ilə tanış olur. Sonralar şairin özü qeyd edir ki, “Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim”.
O.Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə “Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Onun “Dəmir sətirlərim” adlı birinci kitabı 1934-cü ildə çapdan çıxıb. Şair 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.
Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, “Ədəbiyyat qəzeti”nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib.
Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb. Belə ki, sovet rejiminin qanlı illəri onun da həyatından yan keçməyib. O ağır illərdə Osman Sarıvəllinin qardaşı sürgün olunub, özü isə repressiya qorxusu altında yaşayıb. Ancaq heç bir qorxu onun ilham pərisini əlindən ala bilməyib.
Tanınmış şair 1990-cı ildə vəfat edib və doğma kəndində dəfn olunub.
Osman Sarıvəlli ustad şair idi. Hər sözün, hər kəlmənin, hər misranın poetik mənasına varmağa can atırdı və buna nail olurdu. Şeirlərində Vətənə, ana torpağa vurğunluq ən ülvi hisslərlə tərənnüm olunurdu. Onun 1943-cü ildə qələmə aldığı “Gətir oğlum, gətir” poeması o dövrdə böyük əks-səda doğurur. Xalq mənəviyyatının aynası hesab olunan bu əsər fəlsəfi lirikanın əsl nümunəsi kimi dəyərləndirilir.
Mirvarid Dilbazi yazırdı: “Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır”. Onun şeirləri süjetli, vətənpərvərlik lirikası nümunələri hesab olunur. Eyni zamanda, o, şair-filosofdur. İnsan, həyat, ölüm onun şeirlərində önəmli bir yer tutur.
Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olub, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. Folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.
Ömrün cavan, dəli-dolu vaxtlarında “Hər kim yüz il yaşamasa, günah onun özündədir”, - deyən şair zaman gəlir ki, belə deyir: “İndi görürəm ki, həyat öz işini görür, bizi ucaldan illər qocaltmağı da bacarır”. Ancaq zəngin yaradıcılığı yüz illər boyu Osman Sarıvəllini yaşadacaq və onu unudulmağa qoymayacaq.