Milli Kitabxanada TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Respublikası və digər ölkələrin milli kitabxana direktorlarının iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisinin açılışı və elektron məlumat bazasının təqdimatı keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq, vəfatından 21 il ötən unudulmaz dahi şəxsiyyətin Azərbaycana layiqincə rəhbərlik etməsindən və Vətən qarşısında xidmətlərindən iftixarla bəhs edib. Direktor konkret faktlara istinadla bildirib ki, Ulu öndər Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına xüsusi diqqət və qayğı göstərib, 1995–1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək bilik məbədinin problemləri ilə maraqlanıb və böyük çətinliklər dövrünü yaşayan kitabxananın fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırıb.
İlk gəlişində Ümummilli liderin kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etdiyini söyləyən direktor bildirib ki, bu gün həmin kitablar, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazıları oxuculara təqdim olunur.
O vurğulayıb ki, Ulu öndərin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib. Kərim Tahirov müstəqil Azərbaycan dövləti durduqca, yaşadıqca Ulu öndərin əziz xatirəsi daim xatırlanacağını, heç vaxt unudulmayacağını bildirib.
Qazaxıstan Milli Kitabxanasının direktoru Bakitjamal Ospanova Ulu öndərin nəinki Azərbaycan xalqının, bütün Türk dünyasının ictimai-siyasi xadimi olduğunu, məhz onun uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutduğunu söyləyib. O, Qazaxıstan Milli Kitabxanasında zəngin Azərbaycan fondunun olduğunu və hər il Ulu öndərin doğum və xatirə gününə həsr edilmiş sərgilərin hazırlandığını diqqətə çatdırıb.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xilaskar lideri olduğunu bildirib, bu sərgidə ona nümayiş etdirilən əksər kitabların Özbəkistan Milli Kitabxanasında da olduğunu deyib.
Qırğızıstan Milli Kitabxanasının direktoru Aynura Askarova, Şimali Kipr Türk Cümhuriyyəti Mədəniyyət Mərkəzinin direktoru Ceyhan Özyıldız, Qazaxıstan Akademik Milli Kitabxanasının direktoru Qaziza Nurqaliyeva, Türkiyə Milli Kitabxanasının şöbə müdiri Filiz Berna Gültəkin çıxış edərək ümummilli lider Heydər Əliyevin öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə müstəqil Azərbaycan dövlətini qurduğunu, bütün Türk dünyasında özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazandığını vurğulayıblar.
Mərasimin davamında “Ümummilli lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Qeyd edək ki, “Ana səhifə”, “Rəsmi sənədlər”, “Heydər Əliyev – Əbədiyaşar şəxsiyyət”, “Haqqında nəşrlər”, “Heydər Əliyev Milli Kitabxanada”, “Heydər Əliyev dünya kitabxanalarında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” adlı bölmələrdən ibarət olan elektron məlumat bazasında materiallar tam mətnləri ilə 3 dildə nümayiş olunur.
Daha sonra mərasim iştirakçıları təşkil olunmuş sərgiyə baxıblar. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur.
Ə.ƏLİYEV
XQ