Azərbaycanlı alim Özbəkistan telekanalının qonağı olub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dilini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva Özbəkistanın Milli Televiziya kanalının “Türk dili” proqramının qonağı olub. Proqramda Azərbaycan ilə Özbəkistan arasındakı mədəni, tarixi və elmi əlaqələr geniş müzakirə olunub, iki qardaş ölkənin təhsil sahəsindəki əməkdaşlığı və gələcək perspektivləri barədə danışılıb.

M.Xudiyeva çıxışında Azərbaycan və Özbəkistanın əsrlərlə ortaq mədəniyyət və tarixə sahib olduğunu vurğulayıb. Bu əməkdaşlıq təhsil sahəsində də özünü göstərir. Hər iki ölkənin gəncləri arasındakı qarşılıqlı əlaqələr, bilik mübadiləsi və təhsil proqramları xalqlarımızı daha da yaxınlaşdırır. Hər iki ölkədə keçirilən dil və mədəniyyət festivalları təhsil əməkdaşlığını gücləndirən əsas vasitələrdən biridir. Bu əməkdaşlıq həm Azərbaycan, həm də Özbəkistanın gələcək nəsillərinə daha parlaq bir gələcək vəd edir. Özbəkistan universitetlərində Azərbaycan dilinin tədrisi iki ölkə arasındakı yaxın dostluq və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində vacib addımdır. Bu tədris yalnız dil öyrətməklə kifayətlənmir, həm də Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı biliklərin ötürülməsinə xidmət edir. Gələcəkdə Özbəkistanda Azərbaycan dilinin tədrisinin daha da genişləndirilməsi, həmçinin birgə təhsil proqramlarının artırılması nəzərdə tutulur. Azərbaycan dilinin Özbəkistan universitetlərində tədrisi iki qardaş xalq arasında tarixi, mədəni və strateji əməkdaşlığın təməl daşlarından biridir. Bu təşəbbüs yalnız indiki nəslin deyil, həm də gələcək nəsillərin əlaqələrini möhkəmləndirəcək. Çıxışın sonunda qonaq vurğulayıb ki, Azərbaycan və Özbəkistan arasındakı dostluq təkcə keçmişə söykənən bir miras deyil, həm də gələcəyə ünvanlanmış strateji bir əməkdaşlıqdır. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

 

Daşkənd 

 

 

 

Mədəniyyət