Akademik Milli Dram Teatrının Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə həyata keçirdiyi "Bölgə teatrlarının Bakı premyeraları" layihəsi uğurla davam edir. Layihə çərçivəsində Şəki Dövlət Dram Teatrı dekabrın 9-10-da “Heç nədən hay-küy” və “21:15 qatarı” tamaşaları ilə Bakıda qastrol səfərində olub.
Bu barədə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Görkəmli ingilis dramaturqu Uilyam Şekspirin "Heç nədən hay-küy" romantik komediyası əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, sonetlərə yazılmış mahnıların bəstəkarı Xatirə Orucova, musiqilərin aranjimançısı Firudin Allahverdi, baletmeysteri Çingiz Novruzəliyevdir.
Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Əbülfət Salahov, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Arzu Mustafayeva, Aytac İsmayılzadə, Rəşid Mirizadə və başqaları ifa ediblər.
Səhnə əsərində İtaliyada zadəgan ailələr, əyanlar, onların başına gələn romantik hadisələrdən bəhs edilir. Əsas mövzu dostluqdan, xəyanətdən, sevgidən və xeyrin şər üzərində qələbəsindən ibarətdir.
Layihə çərçivəsində teatrsevərlərə türk müəllif Toyğun Orbayın (tərcümə Dilsuz Mustafayev) “21:15 qatarı" adlı pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa da təqdim olunub.
Elvin Nurinin quruluş verdiyi tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Rəşad Rüstəmov, Lalə Məmməd və Rəsul Məmmədrəhimov ifa ediblər.
Sonda Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə Akademik Milli Dram Teatrının “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşalara görə diplom təqdim edib.