Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan mərhum şair Abbasağa Azərtürkün 90 illik yubileyi və şairin “Cavabsız məktublar” kitabının təqdimatı keçirilib.
Yeni toplu şairƏdalət Salmanın redaktorluğu ilə nəşr edilib. Filologiya elmləri doktoru Vaqif Yusifli kitaba yazdığı “Şair səfərdədir–axtarışdadır” adlı Ön sözdə qeyd edir ki, Abbasağa ömrünün sonuna qədər “Şair” şerindəki andına, məramına sadiq qalıb:
Qoşduğu nəğmələr düşər dillərə,
Diləklər bəsləyən ürəkdir şair.
Döyüş məqamında daim ellərə
İsti silah kimi gərəkdir şair!
O, istedadlı şair idi – daxilində potensial yaradıcılıq enerjisi vardı. Digər müasirləri kimi məlum mövzularda yazıb-yaratsa da, heç kimi təkrar və təqlid etmirdi. Yeni toplusundakı “Zirehə dönmüşəm, gülləbatmazam”, “Məni heyran edənə canlıca heykəl demişəm” kimi bölmələrdə ipə-sapa düzülən şeirlərindən də onun necə təbli şair olduğu bir daha görünür. Şeirinə müraciətlə yazdığı misralar da bunu təsdiq edir:
Sayəndə seçmişəm qaranı ağdan,
Dinmisən, sorağın min yerdən gəlib.
Məni çıxarmısan neçə sınaqdan,
Səsin döyüş günü səngərdən gəlib.
Abbasağa ixtisasca müəllim idi. Amma o, təkcə məktəbdə dərs demirdi, həm də Cəlilabadda və ümumən Cənub bölgəsində ədəbi ağsaqqallardan biri, cavan şairlər üçün bir müəllim idi. Əlbəttə, Azərbaycanın hər bölgəsində ədəbi həyat davam edirdi, amma Abbasağanın timsalında onun yaşadığı Cəlilabadda bu ədəbi həyat daha gur keçirdi.
Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, AYB Lənkəran bölməsinin və regional mədəniyyət idarəsinin dəstəyi ilə təşkil olunan məclisdə bölgədə yaşayan şair və yazıçılar, tanınmış ziyalılar, veteran müəllimlər və içtimaiyyət nümayəndələri iştirak ediblər. Şair-publisist Ədalət Salmanın mediatorluğu ilə keçən tədbirdə AYB Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul işçisi Varid Əsgərov, şair və yazıçılardan Əfrahim Abbas, Meyxoş Abdullah, Ağamir Cavad, Asif Həsənli, Səyavuş Süleymanlı, Gülbala Teymur, Ruhiyyə Abbaszadə, veteran müəllimlər Atamalı Əliyev, Ədalət Əsgərov, Elxan Əliyev, Adıgözəl Nuriyev, Adil Hüseynov, bədii qiraətçi Tarix Vüsallı və başqaları çıxış edərək yubileyi qeyd olunan Abbasağa Azərtürkün həyat və yaradıcılığı haqqında geniş danışıb, onunla bağlı xatirələrindən söz açıb, şairin şeirlərindən nümunələr söyləyiblər. Bədii qiraətçilərin ifa etdiyi şeirlər də maraqla qarşılanıb.
Sonda şairin oğlu Əli Hüseynov məclisin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib və hər kəsə “Cavabsız məktublar” kitabı hədiyyə olunub.
Ə.ƏLİYEV
XQ