Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilir

post-img

Azərbaycan Milli Elmlər Akademiyasında “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresin açılış mərasimi keçirilib. Şuşa şəhərinin 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə təşkil edilən beynəlxalq mərasim 2 gün davam edəcək.

AMEA-nın Folklor İnstitutunun dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova XQ-yə bildirib ki, beynəlxalq konqres  Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli Elmlər Akademiyası, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı  ilə baş tutub. Konqresin əsas məqsədi, başda Azərbaycanın Şuşa şəhəri olmaqla, Türk-İslam mədəniyyətinin inkişafında əhəmiyyətli yer tutan mədəniyyət mərkəzlərinin, milli kimliyin formalaşmasında və mədəni irsin qorunmasında oynadığı rolun vurğulanmasıdır. Bu məqsədlə, konqresdə bir sıra mühüm mövzuların müzakirə edilməsi planlaşdırılır. Bunlar arasında Türk dünyasında milli kimliyin inkişafında mədəni irsin rolu, maddi və mənəvi mədəni irsin sivilizasiya quruculuğundakı əhəmiyyəti, mədəni tənəzzülün milli kimlik üzərindəki təsiri və mədəni irsin qorunması məsələləri yer alır. 

Beynəlxalq konqresin digər əsas məqsədi mövzuya akademik və multidisiplinar yanaşma təqdim etmək, bu sahədə həyata keçirilən tədqiqatları elmi mühitə daxil etmək, mədəni irsin funksional aspektlərindən bəhrənərək milli kimliyin formalaşmasında onun rolunu vurğulamaqdır. Həmçinin, müxtəlif baxış bucaqlarından yeni müzakirələr üçün platforma yaratmaq və Türkiyə, Azərbaycan, Özbəkistan kimi əməkdaşlıq edən ölkələrin akademik institutları arasında elmi əlaqələri möhkəmləndirərək inkişaf etdirmək də tədbirin prioritetləri sırasındadır. Bu çərçivədə dil, ədəbiyyat, folklor, tarix, incəsənət, politologiya, sosial siyasət, miqrasiya, sosiologiya, ekologiya, beynəlxalq münasibətlər və digər sahələrdə müxtəlif mövzuların araşdırılması konqresin mühüm hədəflərindən biridir.

Dünən AMEA Rəyasət Heyətinin binasında konqresin plenar iclasının  açılış mərasimi keçirilib. Konqresin bölmə iclasları işini AMEA-nın Mərkəzi Elmi Kitabxanasında davam etdirəcək. Beynəlxalq mərasimdə Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya Federasiyası başda olmaqla, ümumilikdə 10-dan çox ölkədən 100-dan çox elm adamının məruzəsi dinlənlənəcək, türkologiyanın müasir problemləri ilə bağlı geniş müzakirələr aparılacaq.

XQ

 

 

Mədəniyyət