Daşkənddə XVI Beynəlxalq Türk Poeziyası Festivalı keçirilib

post-img

Türkiyə Turizm və Mədəniyyət Nazirliyi, Özbəkistan Yazıçılar İttifaqı, TİKA, TÜRKSOY və  TÜRKSOY Yazarlar Birliyinin təşəbbüsü ilə Daşkənddə məşhur Türkiyə yazıçısı və jurnalisti Mehmet Doğanın xatirəsinə həsr olunmuş XVI Beynəlxalq Türk Poeziyası Festivalı keçirilib.

Festivalda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan şair və yazıçılar, jurnalistlər iştirak edib. 

Festivala Azərbaycandan gənc şair Nigar Ağalarova qatılıb. 

Festivalın birinci günü Daşkənddəki Ədiblər Xiyabanında böyük özbək şairi Əlişir Nəvainin abidəsi önünə gül dəstələri qoyulib. 

Özbəkistan Yazıçılar İttifaqında (ÖYİ) festivalın açılış mərasimi keçirilib. 

ÖYİ-nin sədri, Özbəkistanın Xalq şairi Siracəddin Səyyid bu münasibətlə iştirakçıları təbrik edib, bu festivalın Özbəkistanda keçirilməsindən məmnun olduğunu bildirib. 

Türkiyə Yazarlar Birliyinin rəhbəri Musa Kazim Aritsan, TÜRKSOY Yazarlar Birliyinin rəhbəri Uluqbek Eşdavlat, TİKA-nın Özbəkistandakı  nümayəndəliyinin rəhbərri Əli Riza Tezcan festivalın əhəmiyyətindən danışıblar. 

Sonra türk yazarı Yaqub Umaroğlunun “On dollar” kitabının təqdimatı baş tutub. 

Sonrakı günlərdə ÖYİ-də, “Turan” kitabxanasında və digər məkanlarda müxtəlif ədəbi tədbirlər, ədəbi müzakirələr keçirilib,Türk dünyasının şairləri öz şeirlərini oxuyub,  şairlərə mükafatlar təqdim olunub. 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 



Mədəniyyət