1 dekabr Laçın rayonunun erməni işğalından azad olunduğu gündür
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb.
Həmin gün dövlətimizin başçısı xalqa müraciətində bildirmişdi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Qürur hissi ilə təsdiqləyirik ki, 44 günlük Zəfər yürüşü zamanı digər ərazilərimiz kimi, Laçının Gü ləbird, Səfiyan və Tü rklər kəndlərini də Azərbaycan Silahlı Qüvvələri işğaldan azad etmişdilər, yəni müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə igid oğullarımız Laçının alınmasının təməlini qoymuşdular. Hərbi əməliyyatlar dayanan vaxtdan sonra müəyyən edilmiş 5 kilometrlik Laçın dəhlizinin biryolluq bağlanması, rayon mərkəzinin, Zabux və Sus kəndlərinin də Azərbaycanın nəzarətinə qaytarılması, ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə suverenliyimizin tam bərpa olunması böyük hərbi və diplomatik qələbəmizdir. Artıq bir müddətdir ki, burada da “Böyük Qayıdış” reallaşmaqdadır.
Ermənistan silahlı qüvvələri Laçını 1992-ci il mayın 18-də ələ keçirmişdilər. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. Burada təbiətə divan tutan işğalçılar 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsini, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisəni, 5 musiqi məktəbini və digər infrastruktur obyektləri talayaraq məhv ediblər. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb.
İşğaldan azad olunmuş Laçına həyat yenidən qayıdıb, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər–Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Laçına ötən səfərimizdə gördüyümüz kimi, burada həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Çoxmənzilli binaların tikilməsi də nəzərdə tutulur. Şəhərdə xəstəxana, Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq.
Doğma sakinlərinin nəfəsi ilə qızınan evlərdə, idarələrdə, məktəbdə olarkən söhbət etdiyimiz hər kəsin gözündən xüsusi bir qürur və fəxarət duyğusu boylanırdı. Rayon sakini Gündüz Təhməzov və anası İpək xanım, təsərrüfatını qaydaya salan Natiq Abbasov və qonşusu – ağsaqqal Zülfüqar Babayev 31 illik ayrılığın sonundakı vüsaldan xoşbəxt olduqlarını məmnunluqla dilə gətirdilər. Dedilər ki, yurda iməkləyib dönməyə də, yıxılmış evinin yerində çadırda yaşamağa da razı idilər. Amma bura gəlib gözəl evlərlə təmin olunmalarının sevincinə qərq olublar. Hər biri də fikrini bu şəkildə tamamladı: “Prezident İlham Əliyevə və onun rəşadətli Ordusuna ailəlikcə minnətdarıq. Bizə bu sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq”.
Bu günlərdə Laçındakı “Hoçazfilm”in direktoru, istedadlı rejissor Amil Amal, gözəl xanəndə, Əməkdar artist Ehtiram Hüseynov dağlar diyarında olmalarından vüqarla söhbət açdılar. Bizi yenidən Laçına qonaq çağırdılar. “Sağlıq olsun, gələrik”, – dedik.
Artıq Çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Ötən il avqustun 25-26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər zamanı Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Onlar “AzərEnerji” ASC-nin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışına qatılıb, Laçın Beynəlxalq Hava Limanında aparılan tikintinin gedişi ilə tanış olublar. Səfər zamanı Laçında mehmanxana kompleksinin təməli qoyulub. Dövlət başçısı və xanımı Laçının sənaye zonasında mebel fabrikinin açılışında da iştirak ediblər. Bundan başqa, rayonda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın açılışı olub, 2 nömrəli tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. Hazırda Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində işlər uğurla davam etdirilir.
Yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Laçın artıq minə qədər ailəyə qucaq açıb, 3 mindən artıq laçınlı doğma diyarda bəxtəvər günlərini yaşayır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu bayramı laçınlılar hər dəfə hədsiz sevinc hissi ilə qeyd edirlər.
...Noyabrın 8-də Laçında Zəfər Günü böyük ehtişamla qeyd olundu. Rayonda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun təbriklərindən sonra çıxış edənlər bu qüruru onlara yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər, şəhidlərimizə Allahdan rəhmət dilədilər. İkinci Qarabağ müharibəsi qazisi, şəhid Ədalət Məmmədov adına Zabux kənd orta məktəbinin hərbi rəhbəri Taleh İsgəndərli isə 44 günlük Vətən müharibəsində müəyyən payının olmasından şadlığını bildirdi. “Lacinema” kino mərkəzində bədii hissə ilə davam edən konsertin səsi dağlarda əks-səda saldı. Mahnı, rəqs və şeirlərdən sonra əsir alınanda belə üçrəngli Azərbaycan bayrağını yerə qoymayan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Oğul” sənədli filmi nümayiş etdirildi.
Bir vaxt yazıçı Tağı Şahbazinin təklifi ilə rayonun üzərindəki dağa istinadla “Laçın” adlandırılan gözəl diyar artıq 4 ildir ki, şad-şalayın günlərini yaşayır. Səmasında laçınlar arın-arxayın cövlan eləyir. Bu yurdun vətənsevər övladları hamılıqla doğma od-ocağa can atırlar. Şair dostumuz Şərif Ağayar demişkən:
Sözümün əvvəli, sözümün sonu
Məskənim, beşiyim, anam, ay Laçın!
İstərəm eşqinlə Xan Kərəm kimi
Alışam, ay Laçın, yanam, ay Laçın!..
Əli NƏCƏFXANLI
XQ