Bu günlərdə AMEA Gəncə Bölməsi “Nizamişünaslıq” elmi əsərlər jurnalının növbəti 10-cu nömrəsini çap etmişdir.
Jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə və İrandan 20 müəllifin məqaləsi dərc edilmiş və həmin yazıların hamısı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuşdur.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, BDU-nun dosenti Əsmətxanım Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Abbasqulu Nəcəfzadə, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vüqar Əhməd, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və başqalarının məqalələrində maraqlı faktlar, elmi yanaşmalar diqqəti cəlb edir.
Qeyd edək ki, “Nizamişünaslıq” jurnalına Azərbaycan dili ilə yanaşı, ingilis, rus, türk və başqa dillərdə də məqalələr qəbul edilir. Məcmuənin redaksiya heyətində Azərbaycanın və dünyanın görkəmli nizamişünas alimləri yer alıblar.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri