Qazax Teatrı Qazaxıstanda

post-img

Qazaxıstanın paytaxtı Astana şəhərində 3-cü Beynəlxalq Teatr Festivalına   Azərbaycan da qatılmışdı.  Respublikamızı bu mötəbər sənət tədbirində Qazax Dövlət Dram Teatrı uğurla təmsil edib.

Bu teatrın direktoru Allahverdi Musayev və baş rejissoru, Əməkdar artist Musa Eyyubov hər ikisi sırf teatr adamı olduğuna görə, kollektivin uğur qazanmasında az rol oynamayıblar. Bu teatrın Qazaxıstandakı çıxışı bunu bir  daha təsdiq etdi. Onların təqdim etdiyi Roza  Mukanovanın “Bir çətir altında – mən” tamaşası  həm rejissor yozumuna, həm də aktyor oyununa görə seçilib və maraqla qarşılanıb.

Festival, əslində, Qazaxıstanın ən görkəmli ədiblərindən biri, dramaturq, musiqişünas, Qazaxıstanın  Əməkdar  incəsənət xadimi Roza Mukanovanın  60 illik yubileyinə həsr olunmuşdu. Elə iştirakçıların əksəriyyətinin səhnələşdirdiyi   tamaşalar da məhz Roza Mukanovanın dramaturgiyasına bağlı idi.

Qazax teatrının göstərdiyi tamaşanın  quruluşçu rejissoru Musa Eyyubovun hazırladığı pyesin tamaşasında Əməkdar  artist Xəzər Gəncəli, aktyorlardan Allahverdi Musayev, Yusif Qoca, Minayə İbrahimova, Zəmanə Dərviş, Aytac  Cəfərova, Xaqan Qurbanov və Ceyhun Vəlizadə rol alıblar. Onların çıxışları qazaxıstanlı  teatrsevərlər tərəfindən böyük  maraqla qarşılanıb.

Tamaşa janr etibarı ilə absurd bir tragikomediyadır və rejissor da  janra sadiq qalaraq, hadisələri abstrakt bir məkandan başlayıb xarakterləri bir-birindən asılı olan kast  zümrəsinə ayırmış, əsas problemi özundən yuxarıda qərar tutan vəzifəli şəxslə, özundən aşağı mövqedə olan görəvliyə qarşı ikili-ziddiyyətli münasibətlər kontekstində ön plana çıxarmağa çalışmışdır.

Cəmiyyətin təməl strukturlarından biri olan mədəniyyət sferasına  “sızaraq rişə salmış”  bu ünsürlər mənəvi-əxlaqi dəyərlər müstəvisində cılız görünməklə yanaşı, bu sahədə baş girləyən, karyerist, düzənbaz, ona-buna quyruq bulayan, bir pillə yüksəlmək üçün həmkarlarına quyu qazan, istedadlı kadrlara göz verib, işıq verməyən antipodlardır.  

Müəllifin ideyasına sadiq qalan rejissor, aktyorların ifa tərzinə verdiyi yozumla  istedadsız  “mədəniyyət xadimlərinin”  baş alıb getdiyi və meydan suladığı bir mühitdə istedadlı insanların mənəvi əzablarını, maddi sıxıntılarını, bir parça çörək qazanmaq naminə Vətəni tərk edib, elindən-obasından didərgin duşüb, öz maddi və mənəvi rahatlığını uzaq məmləkətlərdə aramaq istəklərini nəzərə çarpdırır və  bu qlobal problemin çözüm yollarını aramağa çalışır.

Pyesin çox maraqlı və mənalı bir adı var: "Bir çətir altında – mən!”. Çətir sözünün məcazi bir mənası var: Bütün xalqlar, millətlər ancaq birlik sayəsində var olur. Çətir həm də dövlətin rəmzi hesab olunur. Təməl nə qədər möhkəm olarsa, çətir bir o qədər davamlı və dözümlü olar.

Tamaşanın 1-ci hissəsində mənfi insan münasibətlərinin şahidi oluruq. Kim ki, yüksək vəzifədədir, özündən aşağı olanı alçaldır, təhqir edir.  Elə bilir ki,  hər şeyə qadirdir. Bununla belə, daha yüksək ranqa, rütbəyə, vəzifəyə  çatmaq üçün özundən yüksəkdə olanları ləkələməkdən, şər atmaqdan,  quyu qazmaqdan belə çəkinmir. Lakin…

Bu dəyişiklik tamaşanın 2-ci hissəsində çox maraqlı bir hadisə və personajla həll olunmuşdur. Güclü zəlzələ hər şeyi həll edir. İnsanlar, heç olmasa, axırıncı dəqiqələrdə dua edib paklasmağa, səhvlərini etiraf etməyə çalışırlar. Zaman xaricində olan adam obrazının meydana cıxması hadisələri daha mənalı və baxımlı edir. İnsanlar başa düşür ki, nə qədər birlikdə olsalar, bir o qədər guclü olarlar. Birlikdə özlərini daha yaxşı qoruya bilərlər.

Ona görə də bir dam altında, bir çətir altında olmalıdırlar. Xalq nə qədər bir olsa, dövlət də o qədər güclü və qüdrətli olar! Və nəhayət, nə qədər ki, insanlar bir- birinin ayağının altını qazırlar, dostluqdan, birlikdən, əmin-amanlıqdan söhbət gedə bilməz!..

Müəllif,  bu situasiyadan çıxış yolu tapmaq üçün zəlzələni simvolik olaraq səhnəyə gətirir və bu zəlzələ ilə iştirakçıların – insanların Allahın bəxş etdiyi qısa bir ömürdə bir-birinə pislik etmənin heç bir şeyə yaramadığı həqiqətini ortaya qoyur. “Ey insanlar, bizlərə verilən bu qısa bir omürdə bir araya gəlməmiz və insan kimi yasamamız üçün mütləq zəlzələnin olmasımı lazımdır?” – deyə səslənərək üsyan edir.

Amma bu da var ki, qlobollaşmanın baş alıb getdiyi bir zamanda insanların təmizlənməsi, katarsis keçirməsi, saflaşması  və  bir çətir altında bir araya gəlməsi üçün zaman-zaman təfəkkür və düşüncədə, ətraf mühiti dərk etmədə, dünyagörüşünün formalaşmasında belə zəlzələlərə ehtiyac hiss olunur...   

Metafizik dəyərlərin ön plana çıxarıldığı bu tamaşanı  Qazaxıstan sənətsevərləri    hərarətli alqışlarla qarşıladılar. Festival  ərzində 12 tamaşanın  oynandıgı ən yaxşı kişi rolu üçün təsis olunmuş mükafat nominasiyasınında qalibiyyət həmyerlimiz, Əməkdar  artisti Xəzər Gəncəliyə nəsib oldu. Böyük istedada malik  68 yaşlı bu  aktyor-rejissor  ona tapşırılan  çətin və mürəkkəb Anti-Şrek rolunun öhdəsindən məharətlə gələ bilmişdi. 

Tamaşaya  baxan müəllif  Roza Mukanova, ölkəmizin  Qazaxıstandakı  səfiri  Ağalar  Atamoğlanov, eləcə də digər natiqlər Qazax truppasının  çıxışı haqqında xoş sözlər dedilər. Qeyd olundu ki, tamaşada oynayan bütün iştirakçılar çox peşəkarlıqla öz öbrazlarını yaradıblar. 

Tamaşanın  səhnə  tərtibatı  istedadlı  rəssam  Aysan  Omarova,  musiqi  tərtibatı Vahid  Bayramova  aiddir.  Pyesi  Azərbaycan  dilinə yüksək səviyyədə   Xəzər Gəncəli uyğunlaşdırıb.  

Beləliklə,  milli teatrımız QDDT-nin aktyorlarının ifasında “Bir çətir altında – mən” tamaşası ilə beynəlxalq miqyasda daha bir uğura imza atmış oldu.

Ağalar İDRİSOĞLU, 
Əməkdar incəsənət xadimi

 



Mədəniyyət