BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edən Bakıda ətraf mühit amillərinin mədəniyyətə təsiri ilə bağlı tədbirlər sırasında “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi xüsusi yer tutur.
Mədəniyyət Naziriyinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Xalça Muzeyində açılan sərginin məqsədi müasir sənətkarların qədim ənənələr əsasında yeni üslub və texnikada yaratdıqları əsərlər vasitəsilə cəmiyyətin diqqətini iqlim dəyişikliyinə qarşı mübarizəyə, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, bəşər övladını ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir.
Sumqayıtlı xalçaçı-rəssam dostumuz Fazil Abasquluzadənin təklifi ilə birgə ziyarət etdiyimiz sərgidə öz sənətkarlarımızla bərabər, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyanın tanınmış rəssamlarının Azərbaycan xalça sənətinin özəlliklərindən ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunur.
Sərginin açılış mərasimində muzeyin direktoru Əminə Məlikova iştirakçıları və qonaqları salamladı. BMT-nin Cenevrədəki Ofisinin Baş direktorunun müavini Lidiya Qrigoryeva, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi, “Abrau Durso” şirkətlər qrupunun sahibi Boris Titov, “365 ART” qalereyasının təsisçisi Olqa Daniele ürək sözlərini söylədilər. Onlar unikal mədəni təşəbbüs olan bu qeyri-adi sərginin böyük maraq kəsb etdiyini bildirdilər.
Ekspozisiyanı gəzdikcə, sanki, ecazkar bir aləmə düşürsən. Buradakı xalçaların naxışları ana təbiətin müxtəlifliyi kimi cazibədardır. Təbiət mövzusu necə də rəngarəngdir. Əriş-arğac ilmələrin təkrarlanaraq naxış, naxışların isə ritmə düşərək ornament yaratdığı orijinal kompozisiyalı, ekoloji təmiz xalçaların hərəsi sanki bir rəmzi məhəbbət hekayəsidir. İlahi, bu hekayələrin əsas materialı olan yun saplar nə qədər çeşidli gül-çiçəkdən, ağac qabıqlarından, bitki köklərindən rəng alıb! Bu boyalar uzun illər solmadan, parlaqlığını itirmədən “Canım-gözüm, Azərbaycan” mahnısı oxuyur.
Xalçaların rəng fəlsəfəsi isə pıçıldayır ki, yaşıl sağlamlıq, göy isə səma cisimlərinə inam və sitayişlə bağlıdır. Göy rəngin çalarları da müxtəlif təbiət hadisələrinə işarədir. Mavi rəngli naxışlar səma kimi genişliyi və sonsuzluğu, tünd-göy isə dənizlərin dərinliyini ifadə edir. Sarı rəng bir çox xalçada günəşin haləsi kimi verilir və istilik, hərarət yayır. Bütün xalçalardan həyat eşqi, dünyaya yaradıcı münasibət boylanır.
Sərginin ilk günü ziyarətçilərə məşhur rus sənətkarı Natalya Boçkaryovanın “Odda yarananlar” adlı birgə işi, Çikaqo Nort Park Universitetinin professoru Nnenna Okorenin, meksikalı rəssam Pedro Sezar Peraltanın, bizim “YARAT” Müasir İncəsənət Mərkəzinin, eləcə də kolleksiya dizaynı və dekor üzrə ixtisaslaşmış “CHELEBI” brendinin təsisçisi, rəssam Aida Mahmudovanın, Əməkdar rəssam Faiq Əhmədin, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslının, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmovun yaradıcı təxəyyül məhsulları nümayiş olundu.
Eyni zamanda, sərginin zəngin ekspozisiyasında şüşə, yun, metal, bioplastik, tənzif, lif və s.-dən hazırlanmış fərqli sənət nümunələri də yer alıb. Öyrəndik ki, onlardan birinin müəllifi – rusiyalı Natalya Boçkaryova turist qismində Bakıda Milli Xalça Muzeyini ziyarət edərkən burada nümayiş olunan eksponatlar, xüsusilə “Gəncə-buta” xalçası öz rənginə və kompozisiya sxeminə görə sənətçini heyran edib. O, xalça ornamentlərinin semantik mənalarından ilhamlanıb və şüşədən (!) xalça yaradıb. Rəssam “Alovda doğulmuş” adlı əsəri ilə adamların diqqətini ətraf mühit problemlərinə yönəldib və sənət nümunələrinin yaradılmasında tullantılardan istifadə oluna biləcəyini məharətlə göstərib. Tərəf-müqabilləri ilə o, eyni ölçüdə, uyğun rəng və formada şüşə su qabları toplayıblar və əridərək “Gəncə-buta” xalçasının kompozisiyasını yaradıblar. Xalçanın müxtəlif kiçik detallarını hazırlamaq üçün isə şüşəni kəsib, 700–800 dərəcə temperaturda, füzyon metodu ilə birləşdiriblər. Baxanda adamın inanmağı gəlmir ki, şüşə də toxuculuq üçün xammal ola bilərmiş.
Aida Mahmudovanın şəmkirli peşəkar toxucularla işbirliyinin nəticəsi olan xalçalar isə rəssamın dünyagörüşünün, onun ənənə və müasirliyin vəhdətindən ərsəyə gələn çoxqatlı fəlsəfi düşüncələrinin təcəssümü kimi heyrətamiz idi. “Parıltı”, “Landşaft” kimi möcüzə əsərlərə baxan hər kəs gördü ki, bu rəssam-toxucu əməkdaşlığı, eyni zamanda, qadınların incə ruhunun, tükənməz yaradıcı enerjisinin sübutudur.
Rəssam Təranə Əliyeva və Bilgəhdəki 11 nömrəli inteqrasiya təhsilli internat məktəbi yetirmələrinin yun, metal,
bioplastik, cuna, lif, taxta qırıntıları, tullantı və digər materiallardan hazırlanmış işləri də diqqət çəkdi. Xüsusilə də unudulmaz Xalq rəssamı Lətif Kərimovun “Ağaclı” xalça eskizi əsasında xalça toxunan zaman sapların kəsilməsindən yaranan tullantıların yeni bir xalça üçün xammal kimi istifadəsi alqışa layiq idi.
Muzeyin Ənənəvi Texnologiyalar Bölməsində Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsilməsi mərasimi yaddaqalan oldu. Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri Qadınlar Birliyinin üzvləri Məryəm Səid Salem Əl Məzrui və Amna Səid Saif Əl Dahuri ənənəvi Əl-Talli toxuculuq sənəti üzrə maraqlı ustad dərsi keçdilər. Ziyarətçilər bu sənətin ərəblərin milli-mədəni irsinin önəmli hissəsi olduğunu bilib, canlı rəngləri, gözəl dizaynları ilə seçildiyini gördülər. Məlumat verildi ki, Əl-Tallidən gəlinlik və rəsmi paltarlardan gündəlik geyimlərə qədər bütün növ qadın libaslarının bəzədilməsində istifadə olunur. Tallilər müxtəlif sapları büküb hörməklə, mürəkkəb dekorativ naxışlarla bəzədilir və zolaq-zolaq toxunur.
Mərasimdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin təqdim etdikləri rəqs də alqışlarla qarşılandı. Sonra guşələri gəzən qonaqlar bir daha Azərbaycan incəsənətinin köklərinin necə qədimlərə gedib çıxdığına, xalçaçılığın əhalinin məişət və estetikası ilə bağlı olduğu qədər də onun təbiəti, mədəni müxtəlifliyi və dünyagörüşünü xarakterizə etdiyinə şahid oldular.
Sonda jurnalistlərə müsahibə verən muzeyin direktoru – sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova layihə haqqında ətraflı danışaraq dedi:
– Əsas amal COP29-a məxsusi bir töhfə vermək və cəmiyyəti iqlim dəyişikliyi sınaqlarına hazır olmağa, ekoloji duruma biganə qalmamağa səsləmək, gəncləri bədii vasitələrlə maarifləndirməkdir. Unutmayaq ki, dünya hamımızın evidir və onun təmiz saxlanmasına hər kəs cavabdehdir.
Sərgidə “Kəsişən xətlər” əsəri ilə vətəni Meksikanın və Azərbaycanın zəngin mədəni irsi olan xalça sənəti əsasında ənənələri, mədəniyyətləri birləşdirmək ideyasını reallaşdıran rəssam Pedro Sezar Peralta təəssüratlarını bizimlə bölüşdü:
– Belə sərgilərin önəmini sübut etməyə ehtiyac yoxdur. Dünyanın diqqətinin COP29-un keçirildiyi gözəl Bakı şəhərinə dikildiyi bir vaxtda buradakı sərgidə iştirak etmək fərəhlidir. Mən atamdan miras qalan bu sənəti rənglər və naxışlar vasitəsilə davam etdirir, yeni nadir əsərlər yaratmağa çalışıram. Həyat devizim bəşəriyyəti sənətlə bir araya gətirmək, fədakarlıq, nizam-intizam, bilik, bacarıq və orijinallıq nümayiş etdirməkdir.
Rəssam dostumuz Fazil Abasquluzadə də sərgini yüksək dəyərləndirdi.
– Xalça müqəddəsdir, hər naxışında bir tarix yaşayır, bir ismarıc yatır, – deyə o bildirdi. – Görürəm ki, siz də mənim təklifimlə buraya gəlməyinizə peşman deyilsiniz. Çox zəngin təəssürat yaradan bu sərginin əsas özəlliyi budur ki, COP29 günlərində xalça-məktublar vasitəsilə cəmiyyətə bəyan edir ki, gəlin, gözəl dünyamızın qədrini bilək, onun nizamını pozmayaq. Məncə, sərginin açılışı uğurlu olduğu kimi, gedişatı da istənilən səviyyədə olacaq.
Əli NƏCƏFXANLI
XQ