Gözəl musiqimizin Almaniyanın qəlbində - Berlində səsləndirilməsi çox qürurvericidir. Bu il Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinin qeyd olunması bizim üçün çox önəmlidir. Azərbaycan Bəstəkarlar İttifaqının təməl daşını qoyan dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, mənim müəllimim Qara Qarayevin, görkəmli bəstəkarlarımız Fikrət Əmirovun, Musa Mirzəyevin, Asəf Zeynallının əsərləri konsertdə səsləndirildi və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə İttifaqın 90 illik yubileyi münasibətilə Berlində təşkil olunan klassik musiqi gecəsində jurnalistlərə müsahibəsində deyib.
Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinin geniş qeyd edildiyini vurğulayan Firəngiz Əlizadə bildirib: "İttifaqın 90 illiyinə həsr olunan konsert və plenumları Şuşada, Gəncədə, Şəkidə təntənəli şəkildə keçirdik. Çox məmnunam ki, yubiley tədbiri bu gün də Berlində təşkil olunur. Əminəm ki, konsertimiz tamaşaçıların xoşuna gəldi. Doğrudan da Azərbaycan musiqisi çox gözəl, əsrarəngizdir və bunu həmişə hər yerdə etiraf edirlər".
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin