Daşkənddə soydaşımız haqqında yazılan “İxtiyar Rzanın poetik aləmi” monoqrafiyasının təqdimatı olub

post-img

Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistanda yaşamış tanınmış şair, soydaşımız İxtiyar Rza haqqında filologiya elmləri doktoru, professor Xakimjon Kərimovun Daşkənddəki “İlm-Ziyo Zakovat” nəşriyyatında özbək dilində çap olunan “İxtiyar Rzanın poetik aləmi” monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimatı filologiya elmləri doktoru Gülbahar Aşurova açaraq İxtiyar Rzanın həyat və yaradıcılığı haqqında məlumat verib, onu özbək ədəbiyyatının seçilən şairlərindən biri kimi xarakterizə edib. O deyib ki, İxtiyar Rza Azərbaycanda doğulub, Bakıda neft mədənlərində işləyib, xüsusi xidmət orqanlarında çalışıb, sonra özünü poeziyada tapıb. İxtiyar Rza Maqsud Şeyxzadədən sonra ikinci şairdir ki, Azərbaycanda doğulsa da, Özbəkistanı özünə ikinci Vətən seçib, bütün ömrünü burada yaşayıb, bu torpaqda hörmət-izzət sahibi olub. 

Universitetin prorektoru, professor Gülnoza Əhmədova bildirib ki, İxtiyar Rza Nazim Hikmət, Çulpan, Mirtemir, Maqsud Şeyxzadə kimi tanınmış şairlərin ədəbi ənənələrini davam etdirib, əsərlərində Vətənə və anaya sevgisini, məhəbbətini tərənnüm edib, özünəməxsus üslubda əsərlər yaradıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Nadir Əlimirzəyev deyib ki, İxtiyar Rzanın şeirlərində Vətən və Ana mövzusu əsas yer tutur. İnsanın xoşbəxtliyi, xeyirxahlıq, sadiqlik, azadlıq və müstəqillik ideyaları onun əsərlərindən qırmızı xətt kimi keçir.

Şair həmişə fəxr edib ki, iki Vətəni var, birincisi doğulub boya-başa çatdığı Azərbaycan, ikincisi isə şöhrət sahibi olduğu Özbəkistan...

Professorlar Safo Matçanov, Qardoş Qahramanov, Samixon Aşurboyev və filologiya elmləri namizədlərii Karomat Mullaxojayeva, Şaira İsayeva və başqaları şairin yaradıcılığı haqqında söhbət açıblar. 

Deyilib ki, şairin ilk şeirlər kitabı 1979-cu ildə Daşkənddə çap edilib. İxtiyar Rza “Əfsanələr çin ikən” (1983), “O sənsən, mənimsən” (1987), “Bəyaz” (1989), ”Qanadlı, qanadsız quşlar”, Ağılar” və digər kitabların müəllifidir.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

 

 

 

 





Mədəniyyət