CBC telekanalının filmləri Los-Anceles və Nyu-Yorkda qalib olub, finala yüksəlib

post-img

CBC telekanalının İrəvanın Azərbaycana məxsus tarixindən bəhs edən “İrəvanın gizli irsi” filmi Los-Ancelesdə keçirilən nüfuzlu “IndieX Film Fest”də “Üstün Nailiyyət” Mükafatına layiq görülüb. Telekanalın rəhbəri Vüqar Xəlilovun baş prodüserliyi ilə ərsəyə gələn film “Sənədli qısametrajlı filmlər” nominasiyası üzrə mükafat alıb.

Telekanaldan bildirilib ki, film Ermənistanın hazırkı paytaxtında vaxtilə azərbaycanlıların yaşaması barədə tarixin çox az məlum olan səhifələrindən bəhs edir. Tarixi xəritələri, sənədləri və nadir fotoşəkilləri tədqiq edən çəkiliş qrupu itirilmiş mədəni irslə bağlı ekspedisiyaya yollanıb, araşdırma təhlükəsizlik məqsədilə gizli kamera ilə aparılıb. Sujet xəttinin mərkəzində hazırda yaşayış massivlərinin yerləşdiyi Təpəbaşı məscidinin dayandığı ekran əsərində, həmçinin Cəfərabad kəndində Pənah xan Əlixanın oğlunun evindən, Göy məsciddən və Əmir Sədin məqbərəsindən bəhs olunur. Bildirilir ki, bu memarlıq abidələrindən və tarixi məhəllələrdən qalan hər şey bu gün tamamilə yox olmaq ərəfəsindədir.

CBC-nin daha bir filmi isə Amsterdamda keçirilən nüfuzlu “Around” Beynəlxalq Film Festivalının finalçısı olub. Məlum olub ki, telekanala məxsus “Türkiyə tamğası Azərbaycan ərazisində” adlı film Amerika festivalı “New York International Film Awards”da dörddəbir finalçı olub və festivalın əsas mükafatlarına doğru irəliləyir.

Xatırladaq ki, “IndieX Film Fest” Los-Ancelesdə keçirilən beynəlxalq qısametrajlı film festivalıdır. “IndieX”in keçmiş qalibləri arasında “Oskar” qalibləri Barni Burman və Koel Harlou, Oskar namizədləri Abigeyl Breslin, Brus Davison, Canet Maktir, Keişa Kasl-Huces və Paul Qiamatti, “Emmy” qalibləri Loretta Devin və Patrik Norris var. Festivalda həmçinin “Emmy” namizədləri Kevin Bekon, Kayra Sedvick və Kara Bueno mükafatlandırılıb.

Mədəniyyət