“Freywille” brendi Qarabağ xalçaları əsasında kolleksiya hazırlayır

post-img

Azərbaycan Milli Xalça Muzeyi ilə Avstriyanın dünyada məşhur zərgərlik brendi “Freywille” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, əməkdaşlığa əsasən “Freywille” şirkəti Qarabağ xalçaları və onların unikal naxışları əsasında yeni kolleksiya hazırlayır.

Qədim Azərbaycan xalçaçılıq irsinin dünya miqyasında tanıdılması məqsədilə yaradılan, müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiya yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.

1951-ci ildə təsis edilən və 30 ildən artıqdır ki, Fridrix Ville tərəfindən idarə olunan “Freywille” şirkəti eksklüziv bədii zərgərlik məmulatları istehsalında lider brenddir.

Şirkət dünyanın bir sıra məşhur muzeyləri – “Viktoriya və Albert” Muzeyi, “Jivernidəki Klod Mone” Muzeyi və Dövlət Rus Muzeyi ilə əməkdaşlıq edib. Şirkətin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, VinSent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.

Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə “Freywille” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışları və motivlərindən istifadə edəcək.

Mədəniyyət