Sergey Markov: Sülhlə bağlı Ermənistanın özü qərar verməli olacaq...

post-img

Ermənistan ictimaiyyəti və böyük erməni diasporu regiondakı yeni reallıqları qəbul etməyə hələ hazır deyil. Bu sözləri Rusiyanın tanınmış politoloqu və ictimai xadimi, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov AZƏRTAC-a müsahibəsində deyib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

− Ermənistan Konstitusiya Məhkəməsi İrəvanda az qala vətənə xəyanət və dövlət çevrilişi adlandırılan qərar qəbul etdi. Azərbaycanda isə buna şübhə ilə yanaşırdılar, çünki Konstitusiyaya düzəlişlər, əslində, heç vaxt edilməyib. Bu məsələ ilə bağlı fikirləriniz necədir?

− Ermənistan Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarla bağlı Azərbaycanın mövqeyi tamamilə təsdiqlənir. Yəni, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması tələbləri tamamilə təbiidir. Konstitusiyaya düzəlişlər ümumxalq referendumunda qəbul edilməlidir, lakin nəticə gözlənilməzdir, Ermənistan cəmiyyəti buna hazır deyil. Ermənistanda hələ də belə dəyişikliklər üçün əlverişli mühit yaradılmayıb. Erməni cəmiyyəti bugünədək yeni reallıqlar ilə barışa bilməyib. Qondarma “Qarabağ klanı” və erməni diasporu revanşist ideyaları qorumaqda davam edir və bu səbəbdən Ermənistan hakimiyyətinin səyləri dalana dirənir. Bu, mənim fikrimcə, sözdə “orta” həll variantını diktə edir.

- İstanbulda keçirilən “3+3” Məşvərət Regional Platformasının nazirlər görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hansı nəticələri çıxarmaq olar?

-İlk növbədə, qeyd etmək istərdim ki, danışıqların davam etdirilməsi çox sevindiricidir. Yəni, dialoq müxtəlif formatlarda aparılır və bu, müsbət haldır. Ancaq çıxılmaz vəziyyət yaranıb. Ermənistan rəhbərliyi öhdəliklərini yerinə yetirmək əvəzinə Azərbaycana qarşı iddialar irəli sürür, ölkə Konstitusiyasına müvafiq düzəlişlər etmədən sülh sazişi bağlamağı təklif edir, mühüm məsələni sonraya saxlayır. Bu, tamamilə absurddur və heç kim, əlbəttə ki, bu variantla razılaşmayacaq. Hətta nəzəri olaraq Azərbaycanın güzəştə gedəcəyini və belə bir “layihə formasında” sülh sazişi imzalayacağını təsəvvür etsək belə, Ermənistan rəhbərliyinin sülh müqaviləsini imzaladıqdan sonra Konstitusiyaya əlavə və dəyişiklikləri təmin edəcəyi ehtimalına heç kim inanmır.

Bundan başqa, ATƏT-in Minsk Qrupunun fəaliyyəti səmərəsiz olduğuna görə Ermənistan onun buraxılması məsələsini qaldırmalıdır. Bu, siyasi zombi, dünyanı dolaşan və canlı siyasi orqanizmlərin problemləri həll etməsinə mane olan ölü bir qurumdur. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmır, çünki görünür ki, ABŞ, Fransa və Aİ ölkələri kimi öz müttəfiqlərini Cənubi Qafqaza gətirmək üçün həm də Minsk qrupundan istifadə etməyə ümid edir.

- Sizcə, Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakının perspektivləri necədir?

- Ermənistan rəhbərliyi hələ bu məsələ ilə bağlı qərar verə bilmir, amma mənə elə gəlir ki, belə bir ehtimal kifayət qədər yüksəkdir. Uzun aylar ərzində COP29-da Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid var idi. COP29-da iştirak, ilk növbədə, yüksək səviyyəli dialoq, dünyanın bir çox ölkələrinin liderləri və hökumət nümayəndələri ilə görüşmək imkanıdır. Üstəlik, bu, kifayət qədər mütərəqqi platformadır. Paşinyan da özünü praqmatik, mütərəqqi siyasətçi kimi göstərir. Ermənistanın COP29-da iştirakdan imtina etməsi qeyri-dost addımın təzahürü kimi qiymətləndirilə bilər və heç də etimad dialoqunun qurulmasına kömək etməyəcək. Bundan əlavə, iştirakdan imtina digər siyasi vasitələrin də pisləşməsinə gətirib çıxaracaq. Ona görə də, zənnimcə, Ermənistan və onun rəhbərliyi bu tədbirdə iştirakda maraqlıdır.

−Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasında Ermənistan Konstitusiya Məhkəməsinin qərarına baxılarkən çıxış edən baş nazirin müavini Mher Qriqoryan bildirib ki, İrəvan problemlərini özü həll etməlidir, üçüncü ölkənin onları həll edəcəyini gözləməməlidir. Bu, Ermənistan rəhbərliyinin artıq Rusiyanın köməyinə ümid etməyin mümkün olmayacağı, Qərbin isə ancaq vədlərlə onun başını qatacağını anladığı siyasi dalan deməkdir?

- Erməni siyasətçiləri son vaxtlar Ermənistanın öz problemlərini özünün həll etməsi ilə bağlı bəyanatlar verirlər. Bu, yalnız qismən doğrudur. Bəli, müəyyən qərarlar var ki, onları Ermənistanın yerinə başqa heç kim verə bilməz. Məsələn, Ermənistan Konstitusiyasına düzəlişlər edilməsi kimi. Amma mən deməzdim ki, Ermənistan zamanın təzyiqi altındadır. Unutmaq lazım deyil ki, son vaxtlar Ermənistanda yaxşı iqtisadi artım var, onun Rusiya ilə ticarət dövriyyəsinin həcmi isə rekord həddə çatır. Burada təkcə Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olması deyil, həm də bu ölkənin Qərbin Rusiyaya qarşı sanksiyalarından yan keçməsində fəal iştirak etməsi də rol oynayır. Əgər siyasətdə Ermənistan cidd-cəhdlə Rusiyadan uzaqlaşıb Qərbə doğru irəliləyirsə, iqtisadi münasibətlərdə tamamilə əks mənzərə müşahidə olunur; İrəvan Qərbin tələblərinə məhəl qoymayaraq Rusiya ilə fəal ticarət aparır. Burada, əlbəttə, hər kəs çox gözəl başa düşür ki, bu, Rusiyanın kiçik Ermənistan iqtisadiyyatı ilə ticarət etmək marağı ilə bağlı deyil. Məsələ Rusiyanın kiçik Ermənistan iqtisadiyyatının vasitəçiliyi ilə xarici dünya ilə ticarətidir.

-Müsahibəyə görə sağ olun.

Siyasət