“Aysedora” monotamaşası növbəti dəfə səhnədə

post-img

Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Aysedora” monotamaşası yenidən nümayiş olunacaq.

Teatrdan  bildirilib ki, məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun “Aysedoranın üç həyatı” pyesi əsasında hazırlanan tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Səhnə əsəri XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın keşməkeşli həyatından bəhs edir. Tamaşada Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir.

“Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi bu tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyeva canlandırır.

Tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.

Mədəniyyət