Kukla Teatrı mövsümü uğurla başa vurdu

post-img

Azərbaycan Dövlət Kukla Teatrı cari mövsümünü uğurla başa vurdu. Mövsümün yekunu ilə bağlı toplantıda kollektivin bir neçə üzvünə mükafatlar da verildi.

İclasda çıxış edən teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə  sənət ocağının bu mövsümdə də fərqli dəst-xətti ilə seçildiyini, bir çox uğurlu layihələrə imza atdığını, sosial-mədəni aksiyalarda aktivlik göstərdiyini bildirdi.

Teatrın bir sıra beynəlxalq müsabiqə və festivallarda layinqincə çıxış etdiyini, qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün  müqavilələr imzaladığını yada saldı:

“Bu mövsüm bir neçə beynəlxalq festivala qatılmış, özümüz isə iki festivala ev sahibliyi etmişik. Bunlardan biri Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı idi. Festivalda ölkəmizi Azərbaycan Dövlət Kukla Teatrı olaraq biz təmsil etdik. Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla, qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar etdilər. Qardaş ölkə tamaşaçılarına M.F.Axndzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet və xalq nağılı əsasında səhləşdirilən “Məlikməmməd” kukla tamaşalarını təqdim etdik. Ardınca festival ölkəmizdə uğurla yekunlaşdı.

Bu mövsümdə Türkiyədə keçirilən XX Beynəlxalq Bursa Qaragöz Kukla və Kölgə Oyunları Festivalına da qatıldıq. Festivalda türkiyəli kukla və uşaq teatr təmsilçiləri ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan da kuklaçılar yer almışdı. Beynəlxalq Kukla Teatrları Assosiasiyası və ona üzv olan ölkələrin nüfuzlu kukla teatrı mütəxəssislərinin də qatıldığı festival çərçivəsində yaradıcılıq istiqaməti üzrə müxtəlif mövzularda müzakirələr aparıldı.

Bundan başqa, Gürcüstanın paytaxtı Tibilisi şəhərində keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdik. Qastrol çərçivəsində tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlər keçirildi.

Bu günlərdə qardaş Özbəkistanın  Qaraqalpaq Dövlət Kukla Teatrı kollektivi 25-28 iyun tarixlərində ölkəmizdə səfərdə oldu. Bu müddətdə iki teatr arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi də oldu.

Sənəddə qarşılıqlı qastrol səfərlərinin təşkili, ustad-dərsləri, müştərək tamaşaların hazırlanması kimi məqamlar yer alıb.

Bununla yanaşı kadrların - dramaturqların, rejissorların, rəssamların, aktyorların xidmət və təcrübə mübadiləsi, yüksək səviyyəli milli və xarici səhnə əsərlərinin birgə yaradılması, habelə beynəlxalq festivallar, qastrol səfərlərinin təşkilində əməkdaşlıq, teatr sahəsində tərəflərin səmərəliliyin artırılması sənədin əsas mövzusudur.

Əməkdaşlığın əsas istiqamətləri və vəzifələrə gəlincə, müqavilənin əsas məqsədi tərəflər arasında, xüsusilə teatr sənəti və yaradıcılıq sahələrində müxtəlif mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.

Belə ki, tərəflərin əməkdaşlığı ilə tamaşaların yaradılması layihələrinin perspektiv planına uyğun olaraq prosesə Özbəkistanda azərbaycanlı rejissor, Azərbaycanda isə özbək rejissorun quruluşunda  milli dramaturgiya nümunələrindən tamaşaların hazırlanması ilə başlanacaq.

Səfər proqramına uyğun olaraq qaraqalpaqlı kuklaçıların təqdimatında “Açıq qapı” günü çərçivəsində “Saray içindəki möcüzə” adlı tamaşa-konsert də təqdim olundu.

Beynəlxalq səfərlər sırasına Kalininqradda (RF) reallaşan ənənəvi “Rus teatrı – xaricdə rus mədəniyyəti institutu kimi” adlı V Beynəlxalq Konfransda da oldu. Tədbirdə teatrımızı təmsil etdim.

Bu mövsümdə tamaşa planımızı da uğurla yerinə yetirdik, beş yeni  tamaşa  təhvil verdik. Bunlar “Dovşanın ad günü”, “Ələddinin sehrli çırağı”, “İtki”, “Melisa”, “Lokomotiv və vaqonlar” tamaşalarıdır. Bundan başqa, teatrımızın  ölkədaxili səfər proqramı da geniş oldu. Biz işğaldan azad olunan Şuşa,  Laçın, Zəngilan, Füsuli, eləcə də Hadrud və Talış ərazilərində çıxışlar etdik.

İnanıram ki, kollektivin səyləri ilə biz qarşıdakı mövsümdə də maraqlı, yaddaqalan və məhsuldar işləyəcəyik.

Tədbirdə mövsüm ərzində seçilın kollektiv üzvləri – teatrın baş rejissoru Anar Məmmədov, baş rəssamı İqbal Əliyev, dram artistləri Səriyyə Mansurova, Aygül Ağayeva, Araz Həsənli, Cavid İbrahimov, Elgün Həmidov, Səbinə Məmmədova, rəssam Rəna Abbasova, eləcə də texniki heyətdən Cavid Hüseynov, Dilşad Cəfərli və Tural Həsənov məhsuldar və səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif edildilər.









Mədəniyyət