Bu həftə qonaqlı-qaralı olan İçərişəhər daha bir möhtəşəm tədbirlə yadda qaldı. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı təşkil olunmuşdu. Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin üzvləri, mədəniyyət və incəsənət xadimləri, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan qurama sənətkarları iştirak edirdilər. Festival çərçivəsində quramanın ekoloji təmiz tətbiqi sənət növü olduğuna dair beynəlxalq seminar, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olundu. Biz də öz növbəmizdə qurama sənətini yaşadan, rəngli iplərdən və növbənöv parçalardan gözəl sənət nümunələri yaradan xanımlarla söhbətləşdik. Hər kəsin çox gözəl tanıdığı, saz-söz sənətinə bağlı olan şair Güllü Eldar Tomarlı burada sərgilənən əl işlərini “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr etdiyini vurğuladı: - Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Hazırladığım əl işlərində də bu ilə uyğun olaraq, yaşıl rəngin çalarlarından istifadə etmişəm.
İşlədiyim ən böyük quramanın ölçüsü 2 metr 20 santımetrdir. Bu əl işini hələ sona çatdırmamışam, 3 metrəyə qədər toxumağı düşünürəm. Bu qurama nümunələrinin hər birində rəngli saplar və ilmələrdən istifadə etmişəm. Fərqli ipləri ilmə-ilmə bir-birinə calayaraq bu cür maraqlı və gözəl qurama növləri ərsəyə gətirmişəm. Təxminən dörd aydır ki, bu işlə məşğul oluram. 3-cü sinifdə oxuyurdum. Nənəmin dodağının altında bayatılar zümzümə edə-edə rəngli corablar toxuduğuna baxırdım. Mən də özümü ona bənzədərək toxumağın sirlərini öyrənirdim. Lakin, çox çətinliklə bu işin öhdəsindən gəldim. Gürcüstanın Rustavi şəhərində yaşadığım dövrlərdə orda bir Mədəniyyət Evi var idi. Orada fəaliyyət göstərən toxuculuq kursuna getdim və bu sənətin sirlərinə dərindən yiyələndim. Bu elə incə işdir ki, ərsəyə gətirdiyin istənilən əl işinin hər tərəfi 100 ilmə ilə toxunubsa bir tərəfi ondan bir qədər az olsa, simmetriya pozula bilər.
Qurama ustası Aybəniz Camalova artıq uzun müddətdir ki, qurama sənəti ilə məşğul olduğunu deyir: - Üçüncü Bahar İctimai Birliyinin üzvü olandan bəri bu işlə məşğul oluram. Bu sənətin sirlərini orada öyrənmişəm. Bu işi görəndə çoxları deyir ki, necə xırdaçı işdir, yorulmursuz. Amma mən daha çox zövq alıram, sanki dincəlirəm. Həm də bu sənət bizə keçmişdən miras qalıb. Biz də çalışırıq ki, qurama sənətini unutmayaq, unutdurmayaq. Gələcək nəsillərə ötürək. Nəvələrimə və övladlarıma da bu işi sevərək öyrədirəm. Hətta oğlan nəvəm belə bəzək işlərində mənə kömək edir. Əl işlərimdə daha çox atlas parçadan istifadə edirəm. Fərqli parça növlərindən də qurama toxuyuram. Bu işdə nə qədər fərqli parçalardan istifadə olunarsa, əl işləri də bir o qədər maraqlı alınar.
Qurama əli işləri rəngbərəng, çeşidli parçalardan, ilmələrdən və saplardan işlənib hazırlanır. Keçmişdə nənələrimiz artıq qalan parçalardan qənaət edərək belə gözəlliklər yaradırlarmış. Qızların cehiz sandığını bəzəyərmiş bu işlər. Yeni köçən gəlinin toxuduğu quramaları həmin sandığa qoyarlarmış Bu da təzə gəlinin necə qoçaq və qabiliyyətli olduğunu göstərərmiş. Bu cür festivalların da təşkili bir daha göstərir ki, bizim bu qədim adət-ənənlərimiz həmişə yaşayır, unudulmur.
Qeyd edək ki, 2020-ci ilin dekabr ayından başlayaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin təşəbbüsü ilə xalqımızın qədim tarixi köklərə və ənənələrə bağlı bədii tikmə növlərindən olan "Qurama" sənətinin yenidən bərpa olunmasına start verilib. Qurama sənətinin bərpası layihəsinin uğurlu nəticəsi olaraq gələcəkdə "İçərişəhər" DTMQİ-nin “gurama.az” brend məhsullarının hazırlanması da nəzərdə tutulub.
Fidan HÜQUQQIZI
XQ