Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Prezident Şavkat Mirziyoyev ölkəmizin mədəniyyət naziri Adil Kərimlini qəbul edib.
Görüşün əvvəlində Adil Kərimli Şavkat Mirziyoyevə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Söhbət zamanı Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləriin, həmçinin humanitar sahədə əlaqələrin gələcək inkişafı məsələləri müzakirə olunub.
Şavkat Mirziyoyev son illərdə mədəni mübadilənin genişlənməsindən məmnun olduğunu bildirib. Qeyd olunub iki, bu ilin əvvəlində Bakıda Özbəkistanın elm və mədəniyyət güünləri uğurla keçirilib.
Görüşdə Azərbaycan Mədəniyyəti Günləri haqqında məlumat verilib, müxtəlif sərgilərin, teatr taamaşalarının və başqa tədbirlərin keçiriləcəyi bildirilib. “Yol xəritəsi”nə əsaslanaraq intensiv dialoq və zəngin mədəni tədbirlər proqramının davam etdirilməsinin, UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib.
***
İyunun 12-də qardaş ölkələrin mədəniyyət nazirləri Adil Kərimli və Azadbek Nazarbekov, Milli Məclisin deputatı akademik Nizami Cəfərov, şair Baba Vəziroğlu, mədəniyyət və incəsənət xadimləri ümummilli lider Heydər Əliyevin Daşkənddəki abidəsini ziyarət ediblər.
***
Həmin gün Özbəkistan Təsviri İncəsənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” sərgisi keçirilib.
Sərgidə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirləri Adil Kərimli və Azadbek Nazarbekov, ölkəmizdən gələn qonaqlar, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.
***
Özbəkistan Mədəniyyət və İncəsənət İnstitutunda Azərbaycan Dövlət “Yuğ” Teatrının “Mən mənəm” tamaşası nümayiş olunub.
***
Axşam isə Əlişir Nəvai adına Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tərəfindən böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.
Tamaşa anşlaqla keçib, aktyorlar dəfələrlə sürəkli alqışlarla qarşılanıb.
***
Özbəkistandakı Əlişir Nəvai adına Milli Kitabxanada “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışına isə Özbəkistan mədəniyyət nazirinin birinci müavini Avazxan Tacixanov, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, ölkəmizdən gələn qonaqlar, qardaş özbək xalqının nümayəndələri qatılıb.
Fərid Cəfərov öz çıxışında xalqlarımızın qədim köklərə, milli adət və ənənələrə malik olduğunu bildirib, ölkələrimizin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Özbəkistan Milli Kitabxanasında yaradılan Azərbaycan guşəsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirib ki, rəhbərlik etdiyi kitabxanada 2019-cu ildə Özbəkistan guşəsi yaradılıb. Son illərdə kitabxanada Özbəkistanın tanınmış şair və yazıçılarının yubileyləri qeyd edilib, müxtəlif kitab təqdimatları baş tutub.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan guşəsində, təxminən, 300 adda nəşr var. Kitablar arasında Heydər
Əliyev Fondu tərəfindən çap olunan nəşrlər, ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı toplular yer alıb. Burada 44 günlük Vətən müharibəsi haqqında məlumatlar da var.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd