Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Bayram Salamovun sərgisi açılacaq

post-img

Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya və Azərbaycanda tanınmış rəssam Bayram Salamovun fərdi sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Şəhərlərin melodiyası” sərgisi iyunun 4-də açılacaq. Sərgidə rəssamın iyirmidən çox unikal əsəri nümayiş olunacaq.

Bayram Salamov Azərbaycanın Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Şəki Dram Teatrında dekorator-rəssam işləyib, sonra Tolyattidə əsərlərini yaratmağa başlayıb. O, 2010-cu ildə arzusunu gerçəkləşdirərək “Bayram Art-gallery” adlı bədii studiyanı açmağa müvəffəq olub. Əsərlərinin parlaq palitrası Şərq gözəllərinin, rənglərinin, Avropa şəhərlərinin, musiqi alətlərinin və əlbəttə ki, doğma Azərbaycanın yaratdığı duyğuların dolğunluğunu əks etdirir.

Rəssamın əsərləri Rusiyanın bir çox şəhərində, eləcə də Azərbaycan, Almaniya, İtaliya, Çexiya və Kiprdə keçirilən sərgilərdə təqdim olunub. Onun əl işlərinə Tolyatti İncəsənət Muzeyinin və Stepan Dmitrieviç Erzi adına Mordoviya Respublikası Təsviri İncəsənət Muzeyinin fondlarında rast gəlmək mümkündür. B.Salamovun rəsmləri Rusiya, İspaniya, Böyük Britaniya, Almaniya, Kipr, Çexiya, İtaliya və Kanada kolleksiyaçılarının toplusuna daxildir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Mədəniyyət