Pənah Əli xanın şəcərəsindən olan, Gülablıda doğulan, Moskvada dünyasını dəyişən rəssam

post-img

“Xalq əmanəti” daha bir sənətkardan bəhs etdi

Bunu bilməyən yoxdur ki, Qarabağ istedadlar diyarıdır. Orda beşikdəki körpənin də muğam üstündə ağlaması da çoxdan sübutunu tapmış faktdır. Düşmənin bu cənnətə sahib sıxmaq iddiasından əl çəkə bilməməsi də bu səbəbdən başa düşüləndir. Yetər ki, Qarabağda dünyaya gəl, istedadınla dünyanın min bir tərəfindən sorağının gələcəyi yəqindr. 

Söhbət açacağım rəssam da qarabağlıdır, Ağdamın Gülablı kəndində dünyaya gəlib və məhz dünyaya gəlib. Tanrının ona bəxş etdiyi istedad və bacarıq sayəsində Azərbaycanın sərhədlərindən kənarda məşhurlaşıb, əsərləri dünya ölkələrinin sərgi salonlarında sərgilənib. 

Söhbət Azrbaycanın, Rusiyanın və Monqolustanın tanınmış rəssamı Cahid Camaldan gedir. 

Cahid Camal 15 noyabr 1928-ci ildə Qarabağ torpağında, Ağdam rayonunun Gülablı kəndində anadan olsa da ailəlikcə Şuşada da yaşayıblar, orda evləri olub. Onların Şuşanı da məskən-vətən etmələrinin iki səbəbi vardı, birinci səbəb o idi ki, Ağdam çox isti yerdir, Şuşa isə yayda yaylaqdır. İkinci səbəb isə ata tərəfdən Cahidin şəcərəsinin Sarıcalı xanlarının xəttilə Qarabağ xanlığının əsasını qoyan Pənah Əli xana qədər gedib çıxması ilə bağlıdır. Pasport alarkən, valideynlərinin razılığı ilə Cahid özünə babasının adını soyad götürüb.  

Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib, getdikcə maraq və istəyi daha da güclənib, buna baxmayaraq, uşağın rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub.  Lakin onun anası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinə inanır, hətta onun uşaqkən çəkdiyi rəsmləri toplayırmış.  

1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən kimi, 1946-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali təhsilini başa çatdırandan sonra Camal “Bolşoy Teatr”a təcrübəçi-rəssam kimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkar təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin adını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.  

1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiya eskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”, “İolanta” tamaşaları üzərində çalışır.  

1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.  

Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub. 

Cahid Camal Rusiya Federasiyasının Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət muzeyində (Bakı), Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişinyov, Ulan-Bator və Gəncədə təşkil edilib. 

Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zəngin mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb.  

Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşr etdirilib. Rəsam  kitab qrafikası sahəsində də özünü əla illüstrator-rəssam kimi göstərməyə nail olub. O, Bakıdakı “Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”, “Proqress” və s.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956), “Molla Nəsrəddinin lətifələri” (1959), C.İkraminin “Od qızı” (1965), X.Qoytisolonun “Elə həmin sözlər” (1967), Namdağın “Həyəcanlı illər” (1969) kitablarının bədii tərtibatı məhz ona məxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir neçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi də çalışıb. 

Cahid Camal 2011-ci il iyunun 17-də Moskvada vəfat edib.

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri söhbət aşdığımız azərbaycanlı rəssam Cahid Camala həsr olunub.  Görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar.

 “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb. 

Ramilə QURBANLI

 

 









Mədəniyyət