Arzu Yaqubqızının ilk şeirlər kitabı çapdan çıxıb

post-img

“Elm və təhsil” nəşriyyatında Bərdə şəhərində yaşayıb yaradan Arzu Yaqubqızının şeirləri toplanmış ilk kitabı işıq üzü görmüşdür. “Nağıl kəlağayım, sirr kəlağayım” kitabı Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin dəstəyi ilə çap olunub. Kitabın redaktoru və ön söz müəllifi İctimai Birliyin sədri, şəxsi Kəlağayı Muzeyinin direktoru, şair, publisist Güllü Eldar Tomarlı, məsləhətçisi tanınmış Əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayevadır.

Arzu Yaubqızının şeirləri mövzu rəngarəngliyi ilə seçilir, şair xanımın vətəndaşlıq mövqeyinin, Vətən, torpaq, el-obaya, milli dəyərlərə sevgisinin aydın təcəssümüdür. İkinci Vətən müharibəsinin ağrı-acılarıını, qələbə sevincini poetik dillə təqdim edən ədəbi nümunələrdə - “Bayrağa bürünən şəhid”, “Bir şəhidin qadını”, “Şəhid övladı”, “Şəhidlər anası”, “İtkin şəhid anası”,  “Şəhid qadını”, “İki şəhid bacısı”, “Şəhid atası”, “Qazi qardaş” və digər bu mövzulu şeirlər oxucuya kövrək duyğularla yanaşı, qürur, zəfər sevinci yaşadır. Şəhid anasının, atasının, qadınının, bacısının  keçirdiyi hisslər, zəfər sevinci kövrək və lirik notlarla qələmə alınmışdır. Onun vətənpərvərlik  hisslərinə köklənmiş şeirlərində Azərbaycan əsgərinə, Ali Baş Komandana minnətdarlıq duyğuları hakimdir. Axı Azərbaycan əsgəri Vətənin xilaskarıdı, başımızı ucaldandı, üzümüzü ağ edəndi.

Arzu xanım milli ruhlu, milli düşüncəli söz adamıdır. Onun şeirlərində kimliyimiz, türklüyümüz, milli mənəvi dəyərlərə sayğımız ana xəttdir. Arzu xanımın qədim milli baş örtüyümüz  kəlağayıya sevgisi kəlağayı silsiləsindən ibarət şeirlərində həssas yanaşma ilə təqdim olunur. Bu şeirlərin qayəsi mənəvi saflıqdır. Kəlağayını Türk xanımlarının abır-həya, qeyrət, ismət, gözəllik və yaraşıq rəmzi kimi vəsf, təbliğ  edən şeirlər milli mənəvi düşüncələrdi. “Kəlağayılı ana, şəhid anası, “Bir qadın”, “Kəlağaylı gözəlim”, “Azərbaycan gözəli” və digər şeirlər bu qəbildəndi.

Kitabın redaktoru və ön sözün müəllifi Güllü Eldar Tomarlı yazır: “Arzu xanım barışçı və savaşçı Türk qızıdır. Onun kövrək qəlbi insanlığa qənim kəsilənlərə qarşı barışmazdır. Bu mübarizədə uduzmaq ona yaddır. Nə osun ki, bəzən sinəsindəki həsrət neyi ilə nisgilini çalır. Onun nisgili də, həsrəti də üsyankardı. İlahi kədəri könül çırpıntılarını sözə çevirməyə kömək edir”.

Arzu Yaqubqızı sözə həssaslıqla yanaşır, fikirləri mənalıdır,  müraciət etdiyi mövzuların dərinliyinə nüfuz edə bilir. Onun üçün “sözlər dil körpüsüdür, söz ömründə başdı hələ. İlhamı qocalmır, ruhu susmur”.

Şair xanım sözün nahamar yollarında uğurlu söz axtarışındadır. Axtaran tapar...

Mədəniyyət