Rostropoviçlərin ev-muzeyində Mstislav Rostropoviçin anadan olmasının 97 illiyi münasibətilə “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti olub.
Muzeydən XQ-yə bildirilib ki, konsertdə Azərbaycan musiqi ictimaiyyətinin tanınmış simaları – Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının Əməkdar müəllimi, violonçelçalan Kamal Paşazadə, kinorejissor Ziya Şıxlınski, musiqiçi, dirijor Eyyub Quliyev, Rusiya səfirliyinin nümayəndə heyəti və digər qonaqlar iştirak ediblər.
Səfirliyin məsləhətçi-müşaviri Pyotr Volokovıxa rəssam Natalya Şevçenkonun M.Rostropoviçə həsr etdiyi portreti muzeyə təqdim edib. O, rəsm əsərinin yaranması, həmçinin süjeti barədə qonaqlara məlumat verib.
Tədbirdə çıxış edənlər Firəngiz Əlizadə, Kamal Paşazadə və Ziya Şıxlınski maestro haqqında xatirələrini bölüşüb, dahi musiqiçi ilə sıx yaradıcılıq əlaqələrindən söhbət açıblar.
Daha sonra respublika və beynəlxalq müsabiqələr laureatları M.Tağıyev, V.Qurbanov, K.Talıblı, E.Gülnaz, E.Səbinə, M.Osman yerli və dünya klassiklərinin repertuarlarından əsərlər səsləndiriblər.
Anar ƏLİ
XQ