Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrası və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə”Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan kəlağayısının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə “Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbirdə İctimai Birliyin bir qrup əməkdaşı, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.
Giriş sözünü Ümummilli lider Heydər Əliyevin “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır” sözləri ilə başlayan MDU-nun Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova kəlağayının Azərbaycanın milli-mənəvi dəyərlərində yeri, tarixi, istehsal ənənələri, naxış növləri haqqında məlumat verib.
Açılış nitqindən sonra kəlağayı ilə bağlı hazırlanmış videoçarx izlənib.
Sonra, tədbirin proqramına uyğun olaraq “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı “Anam-Kəlağaydı, Kəlağay-anam…”, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günay Rzayeva “Basqal” kəlağayı sənəti”, MDU-nun müəllimlərindən Günel Yunusova “Milli-maddi sərvətimiz: Kəlağayı” və Səadət Ağakişiyeva “Kəlağayı sənətinin zənginliyi və fəlsəfəsi elmi-bədii əsərlərdə” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra, MDU-nun tələbələrinin ifasında milli-mənəvi ruhda şeirlər səsləndirilib, musiqilər oxunub və rəqslər nümayiş etdirilib.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı müəllifi olduğu kitabları MDU-nun kitabxana fonduna hədiyyə edib, Elm və Təhsil Nazirliyinə mənəvi dəstəyə görə, Mingəçevir Dövlət Universitetinə yüksık təşkilatçılığa görə təşəkkürünü bildirib.