Azərbaycan Milli Xalça Muzeyində Gənclər Günü qeyd olunub

post-img

Azərbaycan Milli Xalça Muzeyində “Açıq qapı” aksiyası və əlilliyi olan gənclərin əl işlərindən ibarət “Sərhədsiz sənətkarlar” adlı sərgi-yarmarka keçirilib.

2 fevral – Gənclər Gününə həsr edilən tədbirlər Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Gənclərin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin zəngin mədəni irsi ilə muzeylər vasitəsilə yaxından tanış olması məqsədilə keçirilən “Açıq qapı” aksiyası 14-29 yaşlı şəxsləri əhatə edib. 

Sərgi-yarmarkada Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin 9 istiqamət üzrə (xalçaçılıq, bədii tikmə, xovlu toxuma, muncuqlarla toxuculuq, bədii oyma, dərzilik, rəssamlıq, vitraj boya, duluşçuluq) əl işlərinin nümayişi və satışı təşkil edilib. Əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi, həmçinin onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyan sərgi-yarmarkada ümumilikdə 20 müəllifin əl işləri yer alıb. 

Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.























Mədəniyyət