Muzeydə Çin Yeni ili festivalı

post-img

Azərbaycan Milli Xalça Muzeyində “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” nın açılışı baş tutub. Tədbir Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutunun təşkilatçılığı, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə keçirilib.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min çıxışında qeyd edib ki, Çin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Səfir vurğulayıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir. Qeyd edək ki, festival müddətində qədim Çin çay mərasimi, kalliqrafiya (açıqcaların ieroqliflərlə yazılması), uşu, kunq-fu və s. üzrə biri-birindən maraqlı ustad dərsləri, mühazirələr, ənənəvi bayram atributları iştirakçılara əsl Çin Yeni ili ab-havası yaşadacaq. Ecazkar ölkənin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən aparılacaq. Silsilə tədbirlərdə muzeyin Uşaq şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan xalçalarındakı əjdahalara həsr olunmuş kölgə teatr tamaşası göstəriləcək, əjdaha naxışlı xalçanın toxunması və bu mövzuya aid digər ustad dərsləri keçiriləcək. Festivalda iştirak ödənişsizdir.

Yanvarın 28-dək davam edəcək “Baharı salamlayan Əjdaha. Çin Yeni ili festivalı” iki ölkə arasında mədəni əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə olacaq.

Fidan
XQ













Mədəniyyət