"İstedadın çalarları"

post-img

Azərbaycan Milli İncəsənət Muzeyi fiziki məhdudiyyətli uşaq və gənclərin muzey həyatına, sosial və mədəni mühitə cəlb edilməsi istiqamətində Uşaq İnkişaf Mərkəzi ilə birlikdə yeni layihəyə başlayıb. Bu gün muzeydə "İstedadın çalarları" adlı layihənin ilk təqdimatı olub. Çıxışlarda təşkilatçılar tərəfindən inklüziv layihələr həyata keçirən digər mərkəzlərin də bu layihəyə qoşulmalarının vacib olduğu vurğulanıb.

Sonra tədbirdə ölkəmizdə Daun sindromlu yeganə tarzən Bəhram Rəhimli Azərbaycanın məşhur tar ifalarından nümunələr səsləndirib. Konsert proqramında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, bir sıra müsabiqələr laureatı Jalə Musayevanın pianoda ifa etdiyi musiqilər qonaqların qəlbini oxşayıb. Daha sonra layihə çərçivəsində gənc rəssamlar Fuad Musayev və Aytac Quliyeva tərəfindən 3 nömrəli Respublika xüsusi internat məktəbinin uşaqları üçün ustad dərsləri keçirilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların cəmiyyətdə tanıdılması məqsədi daşıyan layihənin hər ay olmaqla, il ərzində keçirilməsi nəzərdə tutulur.

Fidan SALMANOVA

XQ





















Mədəniyyət