Özbəkistanda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) ilə birgə “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans keçirilib.

AMM-də təşkil olunan konfransda iştirakçılar ilk öncə mərkəzin foyesində təşkil olunan “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisi ilə tanış olublar. Sərgidə Mədəniyyət Mərkəzinin özbək dilində nəşr etdiyi kitablar da yer alıb. 

Konfransda Azərbaycan, Özbəkistan və Türkiyənin nizamişünas alimləri, Daşkənddəki ali təhsil müəssisələrinin pedaqoqları, elmi təşkilatların tədqiqatçıları, müəllim və tələbələr iştirak ediblər.

AMM-nin direktoru Samir Abbasov Nizami Gəncəvi yaradıcılığının Azərbaycan və Türk dünyası mədəniyyəti, ədəbiyyatının qüruru olduğunu vurğulayaraq, dövlətimizin dahi mütəfəkkirin irsinin öyrənilməsi, onun əsərlərinin tədqiqi, nəşri və təbliğini diqqət mərkəzində saxladığını bildirib. O, Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibəti ilə «Nizami Gəncəvi ili» elan olunduğunu və bu münasibətlə dahi şairə həsr olunmuş çoxsaylı layihə və tədqiqatların həyata keçirildiyini bildirib. Direktor qeyd edib ki, Prezident İlham Əliyev Nizami Gəncəvini “Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifələr açmış, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş qüdrətli söz və fikir ustadı kimi, onun zəngin yaradıcılığını bəşər mədəniyyətinin nailiyyəti kimi” xarakterizə edib.   

DDPU-nin rektoru, professor Abduqaffor Qırğızbayev böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığının Türk dünyası ilə yanaşı bütün Şərq aləminə böyük təsir göstərdiyindən və bu təsirin ədəbiyyatla yanaşı, mədəniyyət, musiqi, fəlsəfi təfəkkürdə də biruzə verməsindən söz açıb. Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük Nizami Gəncəvi yaradıcılığının türkdilli xalqların poeziyasının formalaşmasında mühüm əhəmiyyətindən danışan A. Qırğızbayev şairin ədəbi irsinin təbliği sahəsində Özbəkistanda da mühüm işlərin görüldüyünü qeyd edib. Özbəkistanda Nizami Gəncəvi yaradıcılığına yüksək dəyər verildiyini bildirən rektor ölkənin nüfuzlu ali təhsil ocaqlarından birinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verildiyini və şairin Daşkənddə büstünün ucaldığını söyləyib. 

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, professor Nurbay Cabbarov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Erkin Nuriddinov  Nizami Gəncəvi yaradıcılığından Türk dünyasının böyük sənətkarları-Əlişir Nəvai, Məhəmməd Füzuli və digər şairlərin bəhrələndiyini söyləyib. 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır” adlı məruzəsində şairin Azərbaycan türkü olması və əsərlərindəki türkçülük məfkurəsinin ən gözəl qaynağı kimi elə şairin özünün qələmə aldığı əsərlərin mötəbər bir mənbə olduğunu qeyd edib. O, Nizami əsərlərinin qəhrəmanlarının türk obrazları olmasını vurğulayaraq, şairin türk dilində divanının mövcudluğu haqqında məlumat verib. 

Türkiyədən olan alim, doktor Fikri Aydemir “Türkiyədə Nizami Gəncəvi tədqiqatları” adlı məruzə, azərbaycanlı alimlərdən filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Türk bədii ədəbiyyatına Nizami Gəncəvi təsiri”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin nəsil şəcərəsi və yaşadığı tarixi ərazi”, özbəkistanlı alimlərdən dosent Salimaxon Eşanova “Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundakı Nizami Gəncəvi əlyazmalarının təsnifatı”, dosent Mahbuba Orazbayeva “Nizami Gəncəvi “Xəmsə”sinin özbək dilinə tərcümələri” adlı məruzələrlə çıxış ediblər.

Çıxışçılar Nizami Gəncəvi irsinin tədqiqi və təbliği istiqamətində bir sıra maraqlı təklif səsləndiriblər. Məruzəçi alimlər hər il mart ayının əvvəllərində Nizami Gəncəvinin doğum günü ilə əlaqədar Azərbaycanda və dünyada Nizami Gəncəvi günlərinin keçirilməsi, birgə əsərlərin, monoqrafiyaların yazılması, tədris prosesində Nizami yaradıcılığına geniş yer verilməsi, dahi şairə dair əlyazmaların araşdırılması, miniatürlərin incəsənətdə geniş istifadəsi və s. təkliflər irəli sürüblər. 

Konfransın yekun nəticəsi kimi AMM-nin yanında Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğini həyata keçirmək məqsədi ilə Türk dünyası nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslıq elmi tədqiqatlar cəmiyyəti” təsis olunub, bu qurumun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub. 

Konfransda Nizami Gəncəvinin həyatı və yaradıcılığından bəhs edən “Azərbaycandan parlayan günəş” adlı sənədli film təqdim edilib.

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri 

Daşkənd









Mədəniyyət