Özbəkistanda Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yaradılan Heydər Əliyev adına  Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub.

 Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü qoyulub, Mərkəzdə onun dövlətçiliyimiz, Azərbaycan dili ilə bağlı sitatları yazılıb, Azərbaycan-Özbəkistan dostluğuna dair guşələr təşkil edilib, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılıb.      

 Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva təhsil ocağı haqqında məlumat verib, 1918-ci ildə yaradılan Türkistan Şərqiyyat Universitetinin varisi olan 105 illik yubileyini qeyd edən universitetdə 7 fakültədə 14 istiqamət üzrə beş minə yaxın tələbənin təhsil aldığını qeyd edib. 

Rektor universitetdə türk, ərəb, fars, Koreya, yapon, Çin, urdu, hind, puştu, malay, Vyetnam və s. dillər üzrə mütəxəssislər hazırlandığını vurğulayıb, AMM-nin təşəbbüsü ilə 2022-ci ildən başlayaraq Azərbaycan dilinin də tədris olunduğunu qeyd edib. 

Gülçöhrə Rixsiyeva Azərbaycanla yüksək səviyyəli əlaqələrdən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi ilə razılığa əsasən gələcəkdə universitetdə Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanmasının həyata keçiriləcəyini və yaradılan Azərbaycanşünaslıq Mərkəzinin bu istiqamətdə baza rolunu oynayacağını söyləyib. O, Azərbaycanşünaslıq Mərkəzinin universitetin tələbələri, özbək gəncləri və tədqiqatçılara Qafqazın lider dövləti, qardaş Azərbaycanı daha dərindən öyrənmək üçün gözəl imkanlar  açacağına inandığını vurğulayıb. 

AMM-nin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, Türk dövlətləri arasında mədəni əlaqələr və əməkdaşlıqdan danışaraq, dövlət başçılarımızın görüşləri, verdiyi tapşırıqlar nəticəsində bu gün münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib. 

Direktor Azərbaycan xalqının, dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan mərkəzin gələcək fəaliyyəti və onun Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatının təbliği məqsədilə təşkil edildiyini vurğulayıb. O, belə mərkəzlərin artıq Özbəkistanın 10 ali təhsil ocağında yaradıldığını, Azərbaycanşünaslıq Mərkəzinin ölkəmizə dair lazımi təbliğatı vəsaitlər, nəşrlər, suvenirlər, məlumat lövhələri, avadanlıqlarla təchiz edildiyini və bu Mərkəzdə daim Azərbaycan, habelə iki ölkə dostluğuna dair tədbirlər, mühazirələr, simpoziumlar, seminarların təşkil ediləcəyi, Azərbaycan dilinin tədrisinin həyata keçiriləcəyini qeyd edib. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Özbəkistan-Azərbaycan əlaqələrində Heydər Əliyevin tarixi rolundan söz açaraq onun adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki qardaş ölkə, xalq arasında əlaqələrin möhkəmlənməsi sahəsində gördüyü işləri yüksək dəyərləndirib. 

Universitetin Türkologiya  fakültəsinin dekanı dosent Cumali Şabanov, Özbəkistan Milli Universitetinin professoru Nigina Şermuxammedova, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adhambek Alimbekov Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının gələcəkdə təşkil ediləcək Azərbaycan dili fakültəsi üçün mühüm imkanlar açacağını, Azərbaycan dilinin öyrənilməsi, tədrisi istiqamətində uğurlu bir addım olduğunu qeyd ediblər. 

Çıxışçılar Azərbaycan-Özbəkistan dostluğu, qardaşlıq münasibətlərindən söz açaraq bu sahədə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri haqqında danışaraq, onun ideya və arzularının gerçəkləşdiyini, müstəqil dövlətlərimizin tərəqqi etdiyini, Türk dövlətləri arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımıza dair layihələrin həyata keçirildiyini və bununla fəxr etdiklərini söyləyiblər. 

Tədbirdə universitetdə Azərbaycan dilini öyrənən tələbələr ana dilimizdə şeirlər söyləyib, Xalq şairi Səməd Vurğunun Azərbaycan şeirini səsləndiriblər. 

AMM adından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə «İrəvan xalçaları» kitabı, Mərkəzin layihəsi ilə Şuşaya aid 5 dilli nəşr və Özbəkistanda buraxılan «Heydər Əliyev» və «Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı» poçt markaları hədiyyə edilib. 

Tədbirdə AMM-nin təşəbbüsü ilə çap olunan “Heydər Əliyev – 100 kəlam” adlı kitab iştirakçılara təqdim olunub. Azərbaycan, özbək və türk dillərində çap olunan ktaba Ulu öndərin  100 kəlamı toplanıb 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       











Mədəniyyət