Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında gənc azərbaycanlı dramaturq Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsərinin motivləri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.
Psixoloji dram janrında olan tamaşanın süjet xəttini Leyla adlı bir xanımın ağır həyatı təşkil edir. Əsərin müəllifi Pərvin Nurəliyeva deyib ki, dünyanın hər yerində qadın problemləri aktual olaraq qalır. Qadınların həyatda üzləşdiyi problemlər, keçirdiyi çətinliklər olduqca aktual məsələlərdir. Onun sözlərinə görə, əsər bir neçə dəfə festivallarda qalib olub.
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, yaradıcı kollektiv tamaşanın hazırlanmasına 2 ay sərf edib. Tamaşa qastrol səfərlərində də nümayiş etdiriləcək. Hazırda aktyorlar tamaşanı gürcü və rus dillərində də hazırlayırlar.
Qeyd edək ki, tamaşada teatrın aktyorları Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova və Fuad İsfahanlı rol alıblar. Tamaşanın rəssamı Nino Kitiadır.
XQ

