Qazaxıstan senatorları Astanadakı Beynəlxalq Türk Akademiyasında olub

post-img

Qazaxıstan parlamenti Senatının deputatları Darxan Kadırali, Qaliaskar Saribayev, Əlişir Satvaldiyev, Gennadi Şipovski Astanadakı Beynəlxalq Türk Akademiyasında (BTA) olublar. 

BTA-nın prezidenti, akademik Şahin Mustafayev senatorlarla görüşüb. 

Görüşdə tərəflər elm, təhsil, mədəni-humanitar və elmi innovasiyalar sahələrində fikir mübadiləsi aparıb. 

Şahin Mustafayev qonaqları akademiyanın fəaliyyəti və həyata keçirilən elmi-tədqiqat işləri ilə tanış edib. O qeyd edib ki, BTA- nın həm humanitar, həm də elmin digər sahələrində fəaliyyətini genişləndirmək üzrə yeni təşəbbüsləri təsdiq olunub. Bu layihələrdə qazaxıstanlı alimlər də iştirak edir. 

Darxan Kadırali bildirib ki, elmi inteqrasiyanın inkişafı türk xalqlarının birliyini daha da gücləndirir. O bununla əlaqədar deyib ki, qardaş türk dövlətlərinin liderləri türk dünyasında əməkdaşlığın inkişafına xüsusi diqqət yetirirlər və Qazaxıstan tərəfi BTA-nın bu istiqamətdəki təşəbbüslərini gələcəkdə də dəstəkləyəcək. 

D.Kadırali deyib:”Türk Dövlətləri Təşkilatının Astanada keçirilən Zirvə görüşündə dövlət başçıları qardaş ölkələr arasında əməkdaşlığın gələcək inkişafı istiqamətində mühüm qərarlar qəbul ediblər. Qazaxıstan parlamenti öz növbəsində elmi inteqrasiyanın qanunvericilik istiqamətində gücləndirilməsini dəstəkləməyə hazırdır”. 

Senatın digər deputatları BTA-nın hazırkı fəaliyyəti ilə bağlı razılıq ifadə ediblər. Onlar akademiyanın gələcəkdə həyata keçirəcəyi layihələrin reallaşması istiqamətində görüləcək işlərə də yüksək qiymət veriblər. 

Şahin Mustafayev akademiyanın son vaxtlarda çap etdiyi nəşrləri senatorlara təqdim edib. 

Sonra qonaqlar akademiyadakı Türk Muzeyi və kitabxana ilə tanış olublar. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana       

 

 







Mədəniyyət