“İçərişəhər” Dövlət Qoruğu İdarəsi “Sultan Murad darvazası”nın qarşısındakı ərazi ilə bağlı məlumat yayıb

post-img

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQ) “Sultan Murad darvazası”nın qarşısındakı ərazi ilə bağlı yayılan xəbərlərin ictimaiyyətdə suallar yaratdığı üçün əlavə məlumat paylaşıb.

Qoruqdan XQ-ə bildiriblər ki, qeyd olunan pilləkən ərazisi XX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edilib.

Diqqətə çatdırılıb ki, son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalıb, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaradıb.

“2023-cü ilin birinci rübündə aparılmış təmir bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülüb, səkilər yenilənib, işıqlandırma təmin edilib və ərazi tam olaraq abadlaşdırılıb. Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil”, - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, sözügedən bərpa işi bir neçə gündür, sosial mediada müzakirələrə səbəb olub. Ərazidəki pilləkənlər və ümumiliklə bərpa işi insanlar tərəfindən tənqid edilib.

Mədəniyyət