Tarıyel Qasımov: “Şahmar olmasaydı, mən aktyor olmazdım”

post-img

Aktyor Tarıyel Qasımov sentyabrın 23-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin, Azərbaycan Kino Agentliyinin və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə Xalq artisti Şahmar Ələkbərovun 80 illik yubileyinə həsr edilmiş xatirə gecəsində mərhum aktyorla bağlı xatirələrini bölüşüb: “Biz Şahmarla 26-lar Mədəniyyət Sarayında dram dərnəyində tanış olmuşuq. Bədən Tərbiyəsi İnstitutunun ikinci kursunda təhsil alırdım. Həsən Əbluc Texniki Universitetin birinci kursunda oxuyurdu. Şahmar isə onuncu sinif şagirdi idi. Bizi tanıyan hər kəs “üç muşketyor” deyə çağırırdılar. 

Bir gün Həsən Əbluc təklif etdi ki, gəlin sənədlərimizi aktyorluq fakültəsinə verək. Üçümüz də bu fikirlə razılaşdıq və dərhal sənədlərimizi Teatr İnstitutuna verdik. Bədən Tərbiyəsi İnstitutunun üçüncü kursuna keçməli idim, amma tale elə gətirdi ki, təhsilimi başqa istiqamətdə davam elətdirməli oldum. Bir dəfə qəzetlərin birində altında “Azərbaycan Teatr İnstitutunun tələbələri tənəffüs zamanı” sözləri yazılmış şəkil dərc olunmuşdu. Atam şəkli görəndə çox əsəbləşdi. Dedi ki, ya instituta qayıdıb təhsilini davam etdirəcəksən, ya da mənim sən adda oğlum yoxdur. Dram dərnəyinə gedəndə, Şahmar məni məyus halda görüb nə üçün belə olduğumu soruşdu. Mən də hər şeyi olduğu kimi danışdım. Şahmar dedi ki, əşyalarını yığ, gedək. Bu gündən bizdə qalacaqsan. Düz dörd il onlarla bir evdə yaşadım. Demək istəyirəm ki, Şahmar olmasaydı, mən heç vaxt aktyor ola bilməzdim”. 

Qeyd edək ki, xatirə gecəsində Şahmar Ələkbərovun iştirak etdiyi filmlərdən kadrlar nümayiş olunub. Tədbirdə çıxış edən Azərbaycanın Xalq artistləri Şəfiqə Məmmədova, Vaqif Mustafayev, Əbdül Mahmudov, Həmidə Ömərova, Fəxrəddin Manafov, Əməkdar artist Loğman Kərimov və Əməkdar incəsənət xadimi Ayaz Salayev Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşüblər. Onun ömür yoluna nəzər salaraq, Azərbaycan mədəniyyətində, kino sənəti tarixində qazandığı uğurlardan, aktyorluq və rejissorluq fəaliyyətindən bəhs ediblər. 

Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Ceyla Seyidova ifaları ilə qonaqların zövqünü oxşayıblar.

Fidan SALMANLI,

XQ 















Mədəniyyət