Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” adlı kitab daxil olub.
“Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində ingilis dilində hazırlanan kitabda Azərbaycan tarixi və onun ən zəngin mərhələlərindən birini təşkil edən alban-xristian irsi, bu irsin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi, bugünkü vəziyyəti, onların falsifikasiya edilməsi faktlarının geniş оxucu auditоriyasına çatdırılması, bölgənin bütün alban abidələrinin ümumi tarixi arayış verilməklə bir nəşrdə toplanması zərurəti ön plana çəkilib.
Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilən və bir qismində elmi tədqiqat işləri aparılan yüzdən artıq alban memarlıq abidəsi haqqında tarixi arayış verilib, bölgənin alban abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları toplanaraq ümumiləşdirilib. Lakin bu, bölgənin alban abidələrinin tam təsnifatı deyil.
Qeyd edək ki, dəyərli nəşrin layihə müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, müəllifi professor Məhəbbət Paşayeva, elmi redaktorları mərhum professor Teymur Bünyadov, professor Kərim Şükürov, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov, redaktoru Tahir Kazımlıdır.