Çində dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü ziyarət olundu

post-img

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.
Səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri  Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. 

Nazirlikdən verilən məlumata görə, görüşdən sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyanq parkında ucaldılmış abidəsinin önünə əklil qoyub.

Xatırladaq ki, 2012-ci il 6 dekabr tarixində Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin ən böyük parklarından biri olan Çaoyan parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstü qoyulmuşdur. Şərq poeziyasının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 870 illik yubileyinin Çində də keçirilməsi istiqamətində  aparılan  işlərin nəticəsi olaraq Pekindəki Çaoyan parkında şairin büstünün qoyulması barədə razılıq əldə edilmişdir. Büstün qoyulması üçün Çaoyan parkının seçilməsi təsadüfü deyil. Parkda müxtəlif xalqların dahi şəxsiyyətlərinin, o cümlədən Fernand Magellanın, Simon Bolivarın, Taras Şevçenkonun, Mahatma Qandinin, Hristo Botevin və başqalarının büstləri var. Sahəsi 288 hektar olan park pekinlilərin, eləcə də turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

Dahi Nizami Gəncəvinin büstünün müəllifi Çaoyan parkının nəzdində fəaliyyət göstərən Cintay İncəsənət Mərkəzinin direktoru, professor Yüen Sikundur.

Mədəniyyət