Azərbaycan Dili və Ədəbiyyat Forumu başa çatdı

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumuna yekun vuruldu.
Sentyabrın 3-də Bakıda, "Gülüstan" Sarayında forumun son panel iclası təşkil edildi.
Tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdi.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Nazirlikdən XQ-ə verilən məlumata görə, forumun V panel iclası "Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funksiyaları" mövzusuna həsr olundu.

"Azərbaycanda kitab sənayesi: mövcud vəziyyət və hədəflər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kredit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexanizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödənilməsində Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifələr" mövzularında çıxışlar dinlənildi.

Daha sonra Azərbaycan ədəbiyyatına həsr olunan videoçarx nümayiş olundu. Materialda Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza qayğısını əks etdirən fraqmentlər də yer almışdı.

Çıxışçılar forumu yüksək qiymətləndirdi, layihənin hər il keçirilməsinin vacibliyini qeyd etdilər.

Panelin sonunda müzakirəyə çıxarılan mövzular üzrə sual-cavab oldu, xatirə şəkli çəkdirildi.

































Mədəniyyət