Özbəkistanda Azərbaycanın Milli Qəhrəmanı haqqında kitab nəşr olunub

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə özbək dilində Azərbaycanın Milli Qəhrəmani İsgəndər Aznaurovun həyatı və döyüş yolundan bəhs edən “Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab işıq üzü görüb.

Tanınmış tədqiqatçı-jurnalist Mövlan Şükürzadənin araşdırmaları nəticəsində ərsəyə gələn nəşrdə bildirilir ki, birinci Qarabağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şücaətlə vuruşaraq şəhidlik zirvəsinə ucalmış İsgəndər Aznaurov əslən axıska türklərindəndir. O Özbəkistanın qədim Buxara şəhərində dünyaya göz açıb, ömrünün böyük bir hissəsini Özbəkistanda yaşayıb. 

İ. Aznaurov Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər zamanı həlak olub. 

Kitaba "Ön söz"ün müəllifi AMM-nin direktoru Samir Abbasovdur. “Ön söz”də qeyd olunur ki, 1988-1993-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinə iddiaları və təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulub, ölkə ərazisinin yüzdən iyirmi faizi Ermənistan silahlı qüvvələrə tərəfindən işğal olunub, bir milyona yaxın soydaşımız öz yurd-yuvalarından qovulub, şəhər və kəndlərimiz viran qoyulub, soydaşlarımız isə etnik təmizləməyə məruz qalaraq, qaçqın və məcburi köçkün çevriliblər. Bu ədalətsizliklə barışmayan xalqımızın qeyrətli, mübariz oğulları Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı və toxunulmazlığı üçün vuruşmuş, öz canlarını fəda ediblər. 

Nəşrdə milli qəhrəmanın  ailəsi, yaxınları, cəbhə yoldaşları ilə yanaşı Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü, Birinci Qarabağ savaşı haqqında da geniş məlumat verilib. Müəllif kitabda erməni daşnakları tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı qətliamı, onun dəhşətli nəticələrindən də bəhs edir. 

Kitabın yaxın zamanlarda Özbəkistanda və Azərbaycanda geniş təqdimat mərasiminin keçirilməsi də planlaşdırılır. 

Qulu Kəngərli 

“Xalq qəzeti”nin xüsusi müxbiri

Daşkənd

Mədəniyyət