Kinorejissor Vaqif Mustafayevin yaradıcılıq gecəsi keçirildi

post-img

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirildi. Tədbirdə Gürcüstan Respublikasının Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli, rejissor Timur Babliani, Rusiyanın Xalq artisti Nikita Mixalkov və digər sənət dostlarının təbriklərinin də yer aldığı videoçarx nümayiş olundu.

Tədbirdə giriş sözü ilə çıxış edən mədə­niyyət nazirinin müavini Səadət Yusifova istedadlı sənətkarın keçdiyi uzun və zəngin yaradıcılıq yolundan, Azərbaycanın milli kino tarixində yeni səhifə açmasından danışdı, onun quruluş verdiyi “Bəyin oğurlanması”, “Yaramaz”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” kimi kino dünyasının nüfuzlu mükafatlarını qazanmış əsərlərinin milli-mənəvi dəyərlərin təbliğində­ki rolundan söz açdı. Vaqif Mustafayevin ya­radıcılığında Ulu öndər Heydər Əliyevin siya­si fəaliyyətinə və şəxsi həyatına həsr olunmuş silsilə sənədli filmlərin xüsusi yer tutduğunu qeyd edən S.Yusifova istedadlı sənətkarın xid­mətlərinin dövlət tərəfindən yüksək qiymət­ləndirildiyini, görkəmli kinorejissorun Azər­baycan Dövlət Mükafatına, Prezidentin fərdi təqaüdünə, Əməkdar incəsənət xadimi fəxri adına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görüldüyünü bildirdi. Sonra nazir müavini Prezident İlham Əliyevin imzaladığı sərən­camla Azərbaycan mədəniyyətinin inkişafın­da uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildiyini söylədi. Bu münasibətlə sənətkarı səhnəyə dəvət edən S.Yusifova ona Mədəniyyət Nazirliyinin Fəxri Fərmanını təqdim etdi. 

Vaqif Mustafayevin kino aləmində özünəməxsus yeri olduğunu deyən həmkarları, incəsənət nümayəndələri - Gürcüstan Televiziya Akademiyasının Prezidenti Valeri Qruzin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Sovet və gürcü aktyoru Avtandil İvanoviç Maxaradze və digərləri çıxış edərək, kinorejissoru səmimi qəlbdən təbrik etdilər, onunla bağlı xoş xatirələrini bölüşdülər. 

Kinorejissor onun haqqında deyilən gözəl fikirlərə görə qəlbindən gələn səmimi hisslər və müdrik sözlərlə hər kəsə minnətdarlığını ifadə etdi. Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür etdi. 

Sonra, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olundu. Vaqif Mustafayev film haqqında hər zaman belə deyir: “Həyat yüz faiz gözəl ola bilməz. Hərdən gözəl ola bilər. Xoşbəxt hadisələri gözlədiyimiz kimi, bədbəxtliklərə də hər zaman hazır olmalıyıq”. Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək, talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. 

“Azərbaycanfilm” kinostudiyasında əlli ildir fəaliyyət göstərən, çəkdiyi filmləri beynəlxalq festivallarda mükafata layiq görülən, Dövlət Mükafatı laureatı Vaqif Mustafayev haqqında sənət dostu, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyev XQ-ə danışdı: “Onun aləmi kino aləmidir. Hər bir sənətçi nə vaxtsa məşğul olduğu sahədən kənarlaşıb öz peşəsinin müəyyən qolları ilə məşğul olur. Vaqif müəllim də bildiyimiz kimi, bir neçə il televiziya sahəsində çalışdı. Lakin onu hər zaman kino aləmində görmüşəm və tanımışam. O, hər zaman böyük rejissor kimi diqqət mərkəzində olub. Çox yaxın dostluq münasibətimiz olmasa da, həmişə bir-birimizə hörmət etmişik”. 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

 



































Mədəniyyət