Yeni nəşr: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu

post-img

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu” adlı monoqrafiya nəşr edilib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutundan məlumat verilib.

Monoqrafiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Kitabın müəllifi Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir.

Kitabda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolu araşdırılıb. Davamlı inkişaf kontekstində iqtisadi rayonların sosial-iqtisadi aspektləri işlənilib. Davamlı inkişafın təşkilində iqtisadi rayonların rolunun artırılması üzrə beynəlxalq təcrübə ümumiləşdirilib, ayrı-ayrı ölkələrin bu istiqamətdə fəaliyyət strategiyaları və prioritetləri öyrənilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaranması və sosial-iqtisadi inkişaf prosesləri təhlil olunub. Qarabağ iqtisadi rayonunun Azərbaycanın davamlı inkişaf proseslərində strateji rolu qiymətləndirilib. Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın davamlı inkişafında çoxfunksiyalı xüsusiyyətləri verilib.

Yeni çağırışlar şəraitində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması istiqamətləri müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə və keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyimizin bərpasında, gücləndirilməsində, müstəqil dövlətçilik atributlarının formalaşdırılmasında və inkişaf etdirilməsində tarixi xidmətlərinə dair materiallar verilib.

Monoqrafiya elmi işçilər, tədqiqatçılar və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda verilmiş materiallardan işğaldan azad olunmuş ərazilərdə yeni yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Azərbaycanın davamlı inkişafında rolunun artırılması üzrə daha səmərəli mexanizmlərin, fəaliyyət proqramlarının və strategiyalarının hazırlanmasında istifadə edilə bilər.

Mədəniyyət